Başqan göstəriş verdi – Ya müqaviləni yeniləyin, ya da məşqçiliyə başlasın!

20:40 Turan 261
Başqan göstəriş verdi – Ya müqaviləni yeniləyin, ya da məşqçiliyə başlasın!

“Turan Tovuz” yeni mövsümdə Denis Marandiçinin xidmətindən yararlanmaq istəyir.

İlyarım əvvəl, 2024-cü ilin dekabr ayında “Sabah”la qarşılaşmada rəqib futbolçu Pavol Şafranko ilə ikili mübarizə zamanı ayağı sınan moldovalı müdafiəçi o vaxtdan yaşıl meydanlardan uzaq düşüb.

Denis geridə qalan müddətdə üç dəfə əməliyyat masasına uzanıb, futbola qayıtmaq üçün cəhd edib. Lakin bütün hallarda oxlar daşa tuş gəlib.

Hazırkı durumu yaxşıdır. Həkimlər moldovalıya yayda fərdi və kollektiv çalışmalarda iştirak edə biləcəyini deyib. Lakin ağrıların baş qaldırmayacağına dair zəmanət yoxdur.

Elə Denisi də naraht edən budur. Düşünür ki, fiziki yüklənmələr ağır fəsadlara yol aça bilər, ayağı yenidən sınar.

Məsələni diqqət mərkəzində saxlayan “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev komandasının uğrunda ayağından keçən futbolçuyla bağlı tapşırıq verib.

Bildirib ki, klubla sözləşməsinin müddəti bu aya başa çatan futbolçuyla azı 1 illik yeni müqavilə imzalansın. Təbii, Denis özü bunda maraqlıdırsa, yəni karyerasını davam etdirmək istəyirsə.

Yox, yaşıl meydanlara qayıtmaq niyyəti yoxdursa, başqa cür desək, futbolçu karyerasını bərpa etmək alınmayacaqsa, o zaman məşqçi karyerasına başlaması üçün şərait yaradılsın.

Bir sözlə, başqan “Turan Tovuz”un oyununda ayağı sınan futbolçu üçün hər cür şərait yaratmağa hazırdır. Təki özünü yalnız, qayğılı, unudulmuş hiss etməsin.

2023-cü ilin yanvar ayından bölgə təmsilçisinin sıralarında olan solaxay müdafiəçi daim əsas heyət üzvü hesab olunub. Ölkəmizdə çıxış etdiyi müddətdə mütəmadi Moldova millisinə çağırılıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti