Azərbaycan millisinin və «Turan Tovuz»un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan yeni təklif alıb.
Ona növbəti dəvət Almaniyadan gəlib.
Saytımız Hüseynovla təmas quran klubun adını öyrənib.
Bu, «Darmştadt»dır. II Bundesliqada yarışan komanda həmyerlimizlə 2+1 illik müqavilə bağlamaq istəyini ortaya qoyub.
Dörd ildir «Turan Tovuz»un formasını geyinən Ayxan özünün yeni qiymətini müəyyənləşdirib.
Xidmətinə maraq göstərən klublardan aylıq 30 min manat civarında əməkhaqqı tələb edib.
«Turan Tovuz» 32 ildən sonra qayıtdığı avrokuboklarda bu üzdən onun xidmətindən istifadə edə bilməyəcək.
Ayxan Abbasovun ilk dəfə milliyə çağırdığı orta sahə oyunçusu ilə bir müddətdir aparılan danışıqlar uğursuz yekunlaşıb.
Cari mövsümdə 7000 manat məvacib alan 26 yaşlı Hüseynov 2+1 illik nəzərdə tutulmuş yeni müqavilə imzalamaqdan qətiyyətlə boyun qaçırıb.
Ayxanın mövcud kontraktı iyunda bitəcək. Məqsədi karyerasını ölkə xaricində davam etdirməkdir.
“Zenit”in yetirməsi 2022-ci ildən «Turan Tovuzdadır. Hüseynov daha öncə “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.
«Darmştadt» II Bundesliqanın ortabablarından sayılır. 33 tura 52 xal toplayan komanda turnir cədvəlinin 5-ci pilləsində yer alıb.
SPORTİNFO.AZ


