Bölgə azarkeşləri bu oyunu səbrsizliklə gözləyir.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” Tovuzda yerli komandanın qonağı olacaq.
Həmin “Zirə” ki, məhz aprel ayında keçirilən iki oyunun ümumi nəticəsinə görə “Turan Tovuz”u üstələyib (2:0, 0:0) finala vəsiqəni təmin etmişdi.
Tovuzlu futbolsevərlər xüsusən ilk matçdakı hakim səhvlərinə görə qıcıqlanmış, “Zirə”nin finalı haqq etmədiyini bildirmişdi. Cavab görüşündə zirəlilərin praqmatik futbolla qapısının toxunulmazlığını qoruması da bölgə azarkeşlərinin narazılığına səbəb olmuşdu.
Bu oyun kubokdakı məğlubiyyətin əvəzini çıxmaq üçün əla imkandır. Üstəlik, “Turan Tovuz” doğma şəhərdə, 4-5 min azarkeşin dəstəyi altında oynayacaq.
Digər prinsipial məqam “Turan Tovuz”un 29-cu turun yekununu əks etdirən turnir cədvəlində 2-ci pilləyə yüksəlmək ehtimalıdır.
Meydan sahibləri Zirədən gələnləri məğlub edə bilsə, “Qarabağ” da “Neftçi”ylə dueldə məğlub olsa, ya da bərabərə qalsa, bu, Kurban Berdıyevin komandasının Avropa Liqasına vəsiqə verə biləcək yerə - 2-ci pilləyə yüksəlməsi ilə nəticələnə bilər.
Təbii ki, gedişatı bu cür olması növbəti turlarda “Turan”ın əl-qolunu açacaq, inamın dozasını artıracaq.
Bölgə təmsilçisinin ziyanına işləyəcək bəlkə də yeganə məqam heyətdə ciddi itkilərin olmasıdır.
Komandanın “vuran ayağı” Jo Batista ilə müdafiənin dirəklərindən biri Emmanuel Hakman “Zirə”yə qarşı oynaya biləməyəcəklər. Buna səbəb legionerlərin “Araz-Naxçıvan”la görüşdə sarı vərəqə limitini doldurmasıdır.
Yeri gəlmişkən, komandalar cari mövsümdə 2-si Premyer Liqada, 2-si Azərbaycan kubokunda olmaqla 4 dəfə üz-üzə gəlib. İki oyunda qapılara top vurulmayıbsa, digər iki qarşılaşmada 2:0 hesabı qeydə alınıb. Birində “Zirə” üstün olub, digərində “Turan Tovuz”.
Aprelin 27-də Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

