AFFA-nın bir qrup nümayəndəsi Tovuza səfər edib.
Bakıdan gedən federasiya mənsubları stadiona baxış keçirib.
Onlar bundan sonra «Turan Tovuz»un Heyətinin sədri Ehtiram Quliyevlə görüşüblər.
Klubdan redaksiyamıza verilən məlumata görə, görüşdə arenanın mövcud durumu və avrokubok oyunlarını qəbul etməyə hazır olub-olmadığı barədə söhbət açılıb.
AFFA təmsilçiləri diqqətə çatdırıb ki, «Turan Tovuz» qitə arenasına vəsiqə qazanarsa, yalnız ilk 2 mərhələnin oyunlarını doğma məkanda qəbul edə bilər.
Bunun üçün də bəzi əlavə işlərin görülməsi mütləqdir.
Məsələn, yeni salınmış qazonun keyfiyyəti yoxlanılmalı, stadionda su qovşaqları artırılması, azarkeşlərin bura rahat şəkildə gələ bilməsi üçün yaxın iki küçədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır.
E.Quliyev həyata keçirilməsi tələb olunan işlərin həllini mümkün sayıb. Sədr qısa müddətdə problemləri aradan qaldıracaqlarını söyləyib.
SPORTİNFO.AZ

