«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Gənclər və İdman Nazirliyinin (GİN) rəhbər şəxsləri ilə görüşüb.
Bu, klub sahibinin istəyi ilə baş tutub.
2023-cü ilin martından bəri Tovuz təmsilçisinə başçılıq edən iş adamı bəzi istəklərini dilə gətirib.
Tikinti və tibb sahəsi üzrə fəaliyyət göstərən biznesmen futbol sektorunda bəzi problemlər yaşadığını bildirib, GİN-dən kömək istəyib.
İddia edib ki, vergi və sosial yönümlü digər xərclər kifayət qədər çoxdur.
Quliyev mövcud şərtlər daxilində klubu saxlamağa çətinlik çəkdiyini deyib, vəziyyət dəyişməsə, növbəti mövsümlərdə «Turan Tovuz»a indiki qədər büdcə ayıra bilməyəcəyini söyləyib.
O, xahiş edib ki, nazirlik dövlət səviyyəsində bu məsələni qaldırsın, futbola sponsorluq dəstəyi göstərən iş çevrələrinə müəyyən güzəştlərin edilməsinə nail olsun.
Tovuz təmsilçisinin patronu bu qənaətdədir ki, GİN problemi üst dairələrin diqqətinə çatdırsa, futbol sferasının başının üzərini kəsdirən qara buludlar dağılar.
Quliyev əmindir ki, «yuxarı» idman sektoruna sərmayə yatıran biznesmenlərin üzləşdiyi sıxıntılardan xəbərdar olsa, mütləq bu istiqamətdə müvafiq addımlar atılacaq.
SPORTİNFO.AZ

