“Turan Tovuz”un ev oyunlarını keçirdiyi stadion ətrafında bu mövsüm yaşananlardan xəbərdarsız.
Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan" cari mövsümün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul etdi.
Noyabrın 2-də “Şamaxı” ilə ev oyununu doğma stadionda keçirə bildilər. Amma elə həmin vaxt qazonun ideal vəziyyətdə olmadığı göründü.
Ardından, yəni noyabrın 28-də “Neftçi”, dekabrın 13-də “Sabah” ilə ev oyunlarını Tovuzda keçirən komanda mövsümün ilk yarısını yola verdi.
“Turan Tovuz” yanvarın 25-də “Sumqayıt”la ev oyununu Sumqayıtda keçirdi, fevralda ev oyunları üçün yenidən “Azərsun Arena”ya sığındı.
Burфda “Karvan-Yevlax”, “Zirə” və “İmişli” ilə oyunlar keçiriləndən sonra bəlli oldu ki, növbəti dəfə köçmək lazımdır. Çünki “Azərsun Arena” da təmirə bağlanır.
Peşəkar Futbol Liqasının rəsmi saytı mrtın 10-da belə bir məlumat paylaşdı:
“Turan Tovuz”un müvəqqəti çıxış etdiyi “Azersun Arena”nın da təmirə bağlanması səbəbindən (“Turan Tovuz”un bu stadiondan yalnız fevralda istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) 25-ci tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub.
Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt”ın razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un Misli premyer-liqasının 25-ci tur qarşılaşmasını və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib.
Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq”.
PFL-in saytında yer alan 27-ci turun afişasında aprelin 12-də, saat 18.00-a nəzərdə tutulan “Turan” - “Sumqayıt” oyununun keçiriləcəyi yer kimi Tovuz şəhər stadionu göstərilib.
Bu, o deməkdir ki, qərblilər həmin tarixdə doğma məkana dönəcək?
Tovuzlu azarkeşlər redaksiyamıza arenadan çəkilmiş son fotoları göndərib. Onların təqdim etdiyi şəkillərdən bəlli olur ki, qazon ideal vəziyyətdən çox uzaqdır.
Bir müddət əvvəl səpilmiş toxumlar artıq cücüərib, amma meydanın bəzi sahələri hələ də saralmış haldadır. Üstəlik, otun dibi hələ yumşaqdır, bərkiməyib.
Problemin yaxın vaxtlarda aradan qalxması isə az inandırıcıdır. «Turan» bu minvalla maydan tez Sumqayıtı tərk etməyəcək. Tovuzdan olan oxucularımız da elə bundan narahatdır.
Onların bildirdiyinə görə, stadionda işlər elə də sürətlə getmir, klub rəhbərliyi isə tərəfdarların komandanın tezliklə rayona dönməsiylə bağlı müraciətinə barmaqarası yanaşır.
SPORTİNFO.AZ

