Premyer Liqada XXVII turun oyun cədvəli müəyyənləşib.
“Turan Tovuz“ hesabat həftəsində “Sumqayıt”ı qəbul etməlidir.
Aprelin 12-də keçirilməsi planlaşdırılan matçın yeri olaraq Tovuz şəhər stadionu göstərilib.
Qarşılaşmadan 10 gün əvvəl Tovuz şəhər stadionu Peşəkar Futbol Liqası tərəfindən təftiş olunacaq. Təftişin nəticələrinə uyğun olaraq “Turan”ın Tovuza qayıdıb-qayıtmayacağına dair qərar veriləcək.
Klubdan redaksiyamıza verilən məlumata görə, bir müddət əvvəl meydançaya yeni toxum səpilib.
Qazonun həmin vaxtadək hazır vəziyyətə gətirilməsi isə hələ böyük sual altındadır. Çünki otun dibinin bərkiməsi mayın ilk ongünlüyünə qədər çəkə bilər.
Mövcud vəziyyət, əslində, klub rəhbərliyini bir o qədər narahat etmir. Onlar Kurban Berdiyevin ağzına baxırlar.
Baş məşqçi də komandanın yenidən doğma rayona dönməsini istəmir. «Baba» ləqəbli çalışdırıcı futbolçuların Tovuzda oynamaqdan narahatlıq keçirdiyini iddia edib.
74 yaşlı rusiyalı onların adından yönətimə bildirib ki, Tovuz stadionu düşərli deyil, üstəlik, yerli azarkeşlər matçılar zamanı oyunçulara lazımı səviyyədə dəstək vermir, bəzən tribunadan kollektivin əleyhinə atmaca atırlar.
Berdiyev mövsümün qalan qarşılaşmalarını Sumqayıtda keçirməyin tərəfdarıdır.
SPORTİNFO.AZ

