“Nəticə özü səni tapır, dəyişən heç nə yoxdur”

12:20 Turan 105
“Nəticə özü səni tapır, dəyişən heç nə yoxdur”

Son illərdə daxili yarışlarda “Qarabağ” rüzgarı əsirdi.

Lakin cari mövsümdən etibarən “Sabah”la “Turan Tovuz” çempionluq yolunda iddiasını ortaya qoymaqla “köhlən atlar”a təhlükə yaratmaqdadır.

Xüsusən Kurban Berdıyevin komandası qış fasiləsindən sonra sərgilədiyi oyun və qazandığı nəticələrlə diqqət çəkməkdədir.

Halbuki 16-cı tura qədər azarkeşlər cansıxıcı oyuna və qeyri-sabit nəticələrə görə üsyan edirdi. Qış fasiləsi bölgə təmsilçisinin xeyrinə işlədi.

“Turan Tovuz” yeni ildə “Qarabağ”a çətinliklə məğlub olub, “Zirə”, “Sumqayıt”, “Neftçi” kimi əsas rəqiblərini məğlub edib, Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanıb.

Komandasının əvəzolunmaz simalarından sayılan portuqaliyalı müdafiəçi Xorxe Silva Sportinfo.az-a açıqlamasında qərb təmsilçisinin yüksəlişinin səbəbini açıqlayıb:

“Dəyişən heç nə yoxdur. Həmin məşqçilər, həmin futbolçular, həmin kollektivdir.

Sadəcə qış fasiləsinə qədər olan müddətdə zədəlilərimizin sayı çox oldu. Üstəlik, komandaya yeni qoşulan futbolçuların uyğunlaşması üçün zamana ehtiyac var idi.

İndi hamımız birlikdəyik və ən əsası, meydanda nə etməli olduğumuzu bilirik.

Meydanda daha çox vaxt keçirdikcə, uğurlu nəticələr qazandıqca istər-istəməz inam yaranır. İnam olan yerdə nəticə özü səni tapır”.

23 turdan sonra aktivində 44 xal olan “Turan Tovuz” 3-cü pillədə qərarlaşıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti