«Turan Tovuz» Premyer Liqanın son turunda «Neftçi»nin qonağı oldu və 1:0-lıq qələbəyə sevindi.
Bu qələbə Tovuz komandasını Avropaya bir addım da yaxınlaşdırdı.
Üçüncü yerlə rahat-rahat Konfrans Liqasına gedəcəklər.
Bakıdakı oyunun nəticəsini Kurban Berdiyevin aktivinə yazanlar yanılır. Burada «Baba»lıq bir iş yoxdur, əslində.
Yuri Vernidubun «əməy»ini, gəlin, kiçiltməyək. «Neftçi»nin baş məşqçisi iki yanlışı - əsas heyət və taktiki seçimləri ilə «Turan»ın qalib gəlməsini təmin elədi.
Berdiyevi şişirdəndər gərək Vernidubun səhvlərini görməzdən gələnlərdir.
«Turan»ın «Baba»sı 5-4-1 deyib dayanıb. O, başqa bir oyun qurluşunu gözünün uçuyla da nəzərdən keçirmir.
Öz aramızdır, «Turan» bu oyunda qeyri-adi nə etdi ki? İlk hissədə «Neftçi» daha üstün təsir bağışlayan tərəf idi.
Ev sahibləri fasilədən sonra tez yoruldu, İqor Ribeyro zədə aldı, braziliyalı müdafiəçinin meydanda olmadığı dəqiqələrdə də qonaqlar hesabı açdı.
Tablodakı «0-lar» pozulandan sonra isə öz «amplua»larına döndülər - ikiqat müdafiə xətti qurub, «Neftçi»nin hücumçularının cərimə meydançasına girişini blokladılar.
Emin Mahmudov, Freddi Varqas və İmaj Faraj yarımmüdafiənin mərkəzi ilə cinahlarında topla düzünə istiqamət almamaqla, «Turan»ın çiçəyi lap çırtladı, Rəhim Sadıxov dönüb oldu əjdaha, sürətli əks-hücumların təşkilində çox gözə dəydi.
«Neftçi» topu yerə salmadı, ara ötürmələrindən istifadə etmədi, havayla oynadı, «Turan» da asanlıqla nəticəyə getdi, vəssalam, şüttamam!
MUSA

