“Turan Tovuz” Novruz bayramında tovuzlu azarkeşləri sevindirə bilməyəcək.
Bayram günü, yəni martın 21-də Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul etməsi azarkeşləri ümidləndirib.
Peşəkar Futbol Liqasının rəsmi saytında oyunun keçirilmə yeri boş saxlanılıb.
Əksəriyyət bunu matçın Tovuzda baş tutmaq ehtimalı ilə əlaqələndirir. Klub rəhbərliyi ilə PFL rəsmiləri bu mümkün variantı nəzərə alaraq qərb təmsilçisinin müvəqqəti sığındığı “Azersun Arena”nın adını qeyd etməyib.
"Turan Tovuz” – “Qəbələ” qarşılaşması Tovuzda keçirilməyəcək.
Ötən ilin son aylarında yenilənmiş qazonun istifadəyə yararlı olmadığı üzə çıxmışdı. Tələsik verilən qərara görə meydanın vəziyyəti gülüş doğurmuşdu.
Dekabrda stadionun qapıları Premyer Liqanın üzünə bağlandı və yanvarda otun kökünün bərkidilməsi prosesinə başlandı.
İşlərin layiqincə görülməsi və tez zamanda yekunlaşması üçün zəruri tələblər yerinə yetirilib. Texniki avadanlıqlar və müxtəlif pereparatlar işçi qüvvəsinin ixtiyarına verilib.
Otun kökünün bərkiməsi üçün hava şəraitinin tələblərə cavab verməsi mütləqdir. Məhz bu proses müəyyən zaman aldığına görə meydanı martda hazır vəziyyətə gətirmək mümkün olmayıb.
Gedişat son mərhələyə qədəm qoyub. Lakin örtüyün Premyer Liqaya tam hazır olması üçün daha bir neçə həftə lazımdır.
Tovuzlu azarkeşlər sevimli komandasının üzünü çox güman apreldə görə biləcək.
HƏBİB / SPORTİNFO.AZ

