«İmişli»nin baş məşqçisi Jorj Kaşkilya «Turan Tovuz»a uduzmuş həmkarlarına o yolu göstərdi.
Ondan istifadə etmək olar.
Təklifimiz də bundan ibarətdir - «Turan»dan xal almaq istəyən komanda özündən yeni velosiped növü fikirləşməməlidir.
Elə onlar kimi oynayırsan, kifayətdir.
«Turan» debütantla dueldə öz «silah»ı ilə vuruldu. 11 nəfərlə qapının toxunulmazlığının qayğısına qalan rəqibə qol vurmaq çətin məsələdir.
Kurban Berdiyevin bunun üçün «B» variantı yoxdur.
O, deyəsən, bu barədə heç düşünməyib də. «Zirə» və «Qəbələ» üzərində qələbələrin ardının gəlməməsi bəlli etdi ki, «Baba» hələ də alternativ variantlar üzərində baş sındırmağa köklənməyib.
Turnir cədvəli baxımlı oyuna qiymətə əsasən tərtib olunsa, «Turan» aşağı sıralarda, autsayderlər qrupunda yer alar, ondan yuxarı qalxmaz.
Bəzən bu komandanın gücünü çox şişirdirik. İki-üç legioneri götür qoy qırağa, dənizin ortasında çabalaya-çabalaya qalarlar, sahilə çıxa bilməzlər.
Çünki məşqçi işi ayrı-ayrı fraqmentlərdə hiss olunur yalnız. «Turan» nəinki 90 dəqiqə, bir hissə belə, dominant futbolu ilə rəqibini əzəcək qədər iddialı oynamır.
KAMİL

