Keçmiş komandasına vurduğu qola sevinməyən futbolçulara dəfələrlə rast gəlsək də, əksini edənləri də çox görmüşük.
O gün “Qəbələ” – “Turan Tovuz” matçında Filip Ozobiçin əməli sözün əsl mənasında təsirləndirdi. Vurduğu qola görə əllərini havaya qaldırıb qəbələlilərdən üzr istədiyi mənzərə məni 10 il əvvələ qaytardı.
2016-cı ildə Xorvatiyanın ortabablarından sayılan “Slaven Belupo”dan “Qəbələ”yə gələn Filip kim idi?
Moskva “Spartak”ının sıralarında olmuş, “Hayduk”da duruş gətirə bilməmiş, “Slaven”də 71 oyunda cəmi 9 qol vurmuş 25 yaşlı sıradan legioner.
Ozobiç “Qəbələ” formasında meydana çıxdığı 2 ildə adından söz etdirməyi bacardı. İstər ölkədaxili yarışlarda, istərsə də avrokuboklarda vurduğu qollar, verdiyi məhsuldar ötürmələr onu “Qarabağ”a apardı.
Düz 5 il “Qarabağ”ın formasını geyindi, zəngin təcrübə topladı, sağlığına qismət, həyat səviyyəsini yaxşılaşdırdı, Azərbaycan millisinə dəvət olundu.
2023-2025-ci illər aralığında “Neftçi”nin şərəfini qorumaqla öz oyunu və insani keyfiyyətləri ilə azarkeşlərin könlünə yol tapmağı bacardı.
Ozobiç ağdamlıların formasını geyindiyi 5 ildə Premyer Liqada rəqib qapılarından 35 top keçirib. Hər nə qədər maraqlı olsa da, 7 qolu keçmiş komandasının – “Qəbələ”nin qapısına vurub. Bir dəfə də olsun sevinməyib.
Yaydan bu yana “Turan Tovuz”dadır. Həmin komanda ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparır, “Qarabağ”la “Sabah”ı qarabaqara izləyir, “Zirə”dən uzaqlaşmağa çalışır.
Belə vəziyyətdə vurulan hər qol, qazanılan hər qələbə qızıla bərabərdir. Yəni Filipin “Qəbələ”nin qapısından keçirdiyi top “Turan” üçün xüsusi önəm daşıyırdı.
Başqası olsaydı, bəlkə də özünü itirib qolu çılğınlıqla qeyd edərdi. Baş məşqçinin yanına qaçıb oynamaq şansı verdiyi üçün onu qucaqlayardı. Azarkeşlərin qarşısında özünü qəhrəman kimi təqdim edərdi.
O, tələsmədi, unutmadı, səbrli davrandı və vurduğu qola görə üzr istədi. Bu jestin məna ağırlığı var.
Abdullah Zubir və Ramon Maçado ilə birlikdə çempionatımızın 35 yaşına çatmış üç “qoca”sından biri olan Filip Ozobiç həm futbolçu, həm də insanlıq nümunəsidir.
Keçmişini unutmayan “qoca”, Qəbələdə yediyin çörək, içdiyn su, udduğun hava halalın olsun!
HƏBİB / SPORTİNFO.AZ

