“Turan Tovuz”dan baş açmaq olmur.
Bir də baxırsan, möhtəşəm futbol göstərməklə rəqibini çaş-baş salıb lazım olan qələbəni əldə edir.
Bir də baxırsan, “Məmmədağa, vur qabağa” fəlsəfəsi ilə nə özü oynayır, nə də rəqibinə imkan verir.
Ümumiyyətlə, Kurban Berdıyevin oynatdığı futbol heç vaxt könül oxşamayıb. Əsasən nəticəni düşünən təcrübəli mütəxəssis “Rubin” də də beləydi, “Turan Tovuz”da da.
Bəzən tovuzlu azarkeşlər mövcud durumla barışmır. Hətta qələbə qazanılan matçdan sonra da etiraz səsini ucaldır ki, bu da anlaşılandır.
Son görüşlərdə əsas heyətdə yer alan rusiyalı qapıçı Sergey Samok Sportinfo.az-ın Berdıyevin oynatdığı darıxdırıcı futbol və azarkeşlərin etirazı ilə bağlı sualını cavablandırıb:
“Razıyam, əvvəl o cür oynayırdıq. Ancaq yanvarda Türkiyədəki təlim-məşq toplanışı əsasən topla məşqlər edirdik, kombinasiyalar üzərində çalışırdıq.
Lakin birdən-birə dəyişmək mümkün deyil. Hazırda keçid mərhələsindəyik, oyundan-oyuna daha yaxşı olacağına inanıram.
Belə məqamlara fikir verməməyə çalışırıq. Məqsədimiz bizə verilən tapşırıqları yerinə yetirib, öz işimizi görməkdir. Danışırlar, qoy, danışsınlar”.
21 turdan sonra aktivində 40 xal olan “Turan Tovuz” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bölgə təmsilçisini lider “Sabah”dan 12, 2-ci yerdə qərarlaşıb 1 oyun az keçirən “Qarabağ”da 5 xal ayırır.
HƏBİB

