Premyer Liqanın 21-ci turunda medallara iddialılardan "Turan Tovuz"la "Zirə" Suraxanıda üz-üzə gəldi.
Nominal ev sahibləri ilk hissədə vurduğu iki qolla "qartallar"dan 3 xalı qopardı və turnir cədvəlində üçüncü pilləyə yüksəldi.
Oyunboyu diqqətçəkən hadisələrdən biri "Turan Tovuz" azarkeşlərinin Rəşad Sadıqova qarşı səsləndirdiyi şüarlar oldu. Onlar 90 dəqiqə ərzində qəsəbə təmsilçisinin çalışdırıcısının ünvanına atmacalar atdılar.
Sadıqov matçsonrası mətbuat konfransında bu haqda suala belə cavab verdi:
"Açığı, mən də oyunboyu bilmədim, başa düşmədim onu. "Turan Tovuz" mənə doğma komandadır. Fikir bildirməyəcəm. Çünki səbəbini bilmədim".
Rəşad Sadıqov təqribən 25-26 il əvvəl Tovuzda çıxış edib, "Turan"ın formasını geyinib. Ən çətin şəraitdə, ən ağır şərtlər altında orada yaşayıb, komandanın uğurları üçün yorulmadan tər töküb.
Və ötən illər ərzində bircə dəfə də olsun, "Turan"ın, onun rəhbərliyinin əleyhinə danışmayıb, hər dəfə bu klubdan söz düşəndə, yaxşı fikirlər söyləyib.
Elə isə fanatların ona yönəlik münasibətinin arxasında nə dayanır? Nə oldu da, birdən-birə Sadıqova qarşı çöndülər?
Əslində, bu, həmin azarkeşlərin öz mövqeyi deyil. Klub idarəçilərinin təhriki ilə belə şüarlar səsləndiriblər.
Bəs "Turan Tovuz" funksionerləri niyə bunu etsin?
Demə, Sadıqovun Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən "Şamaxı" - "Turan Tovuz" matçını (0:0) izləmək üçün Bakıdan rayona getməsindən xoşlanmayıblar.
Üstəlik, gənc mütəxəssis qarşılaşmaya onlarla yanaşı deyil, köməkçisi Ağabala Ramazanovla ayrıca tamaşa etməsindən qıcıqlanıblar.
Əlqərəz, cılız fikirlər nəticəsində "Azərsun Arena"da bu mənzərəni yaradıb.
SPORTİNFO.AZ

