Sportinfo.az “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsini təqdim edir:
- Misli Premyer Liqasının 21-ci turunda “Zirə”ni məğlub etdiniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Bilirdik ki, bizi çətin oyun gözləyir. “Zirə” çox yaxşı komandadır. Onlar da hər zaman avrokuboklar uğrunda mübarizə aparırlar. Gözlədiyimiz kimi də oldu, qarşılaşma çox ağır keçdi. Qalib gəldiyimiz üçün çox şadıq.
- Qələbə qazanmaqla üçüncü pilləyə yüksəldiniz. Halbuki ötən turda “Şamaxı” ilə görüşdə bu şansı əldən vermişdiniz. Bu məqam matçdan öncə üzərinizdə əlavə təzyiq yaratmırdı?
- Xeyr, hər hansı bir təzyiq yox idi. Matça çox yüksək səviyyədə köklənmişdik. Ötən matçı artıq unutmuşduq. Məqsədimiz mütləq 3 xal qazanmaq idi və çox şadam ki, buna nail olduq.
- Demək olar ki, “Turan Tovuz” üçüncü olmaq yolunda vacib addım atdı?
- Düzdür, bu qələbə çox vacib idi. Çünki əks halda “Zirə”dən bir qədər də geri düşə bilərdik. Lakin istənilən halda indidən mövsümün sonu barədə danışmaq tezdir. Qarşıda hələ 10-dan çox tur var.
- Matçdan öncə “Turan Tovuz”un müdafiədən oynayacağı, daha çox əks-hücumlara bel bağlayacağı gözlənilirdi. Lakin meydanda bunun tam əksini gördük...
- Biz hər matçda hücum futbolu sərgiləməyə çalışırıq. Rəqib kim olur-olsun. Sadəcə bəzən bu alınır, bəzən isə yox. “Zirə” ilə görüşün ilk hissəsini isə həqiqətən də çox yaxşı keçirdik. Hücumda çox baxımlı, rəngarəng futbol sərgilədik.
- Bəzən belə təəssürat yaranır ki, “Turan Tovuz” iddialı klublara qarşı yaxşı oynasa da, nisbətən zəif kollektivlərlə matça lazımi dərəcədə köklənə bilmir. Həqiqətən elədir?
- Yox, bu fikirlə razı deyiləm. Düzdür, ötən tur “Şamaxı” ilə görüşdə xal itirdik. Açığı, heç oyunumuz da yaxşı alınmamışdı. Lakin yenə də bunu motivasiya çatışmazlığı ilə əlaqələndirməzdim. Bizim üçün hər matç çox vacibdir.
- “Turan Tovuz” həm də kubokda mübarizəni davam etdirir və yarımfinala çox yaxınsınız. Razısınız ki, bu məqam komandanızın avrokubok şansını daha da artırır?
- Elədir, kubokda da yolumuza davam edirik. Lakin hələ qarşıda cavab oyunu var, yarımfinala vəsiqəni rəsmiləşdirməmişik. Digər tərəfdən isə hazırda çempionata köklənmişik. Yalnız qarşıdakı oyunları düşünürük.
- Baş məşqçi Kurban Berdıyevin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Çox yaxşı. O, çox təcrübəli mütəxəssisdir. Komandamızın uğur qazanması üçün əlindən gələni edir. Məşqlərdə də bizə lazımi tapşırıqları verir.
- Siz Moskva “Spartak”ında çıxış edərkən Berdıyevin komandasına qarşı oynamışdınız?
- Xeyr. Mən həmin vaxt çox gənc idim. Əsasən “Spartak”ın əvəzedici heyətində forma geyirdim. Əsas komandanın heyətində çox az forma şansı qazandım. Bununla belə, təbii ki, Berdıyev haqda məlumatım var idi. Onu Rusiya futbolunda kim tanımır ki? Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim. O, çox yaxşı mütəxəssisdir. Bu gün Berdıyevlə birgə çalışdığım üçün çox məmnunam. Onun komandamıza yalnız və yalnız xeyri var.

