Turun mərkəzi qarşılaşması Suraxanıda baş tutacaq.
Tovuz şəhər stadionunun qazonunda yaranmış problemə görə “Turan Tovuz” avrkuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə”ni “Azersun Arena”da qəbul edəcək.
Komandaların arasındakı intriqanın hansı həddə olduğunu bilmək üçün turnir cədvəlinə göz gəzdirmək bəs edir.
Bir oyun az keçirən qərb təmsilçisi 34 xalla 4-cü, aktivində 35 xal olan zirəlilər isə 3-cüdür.
İlk “3-lük”də möhkəmlənmək üçün “Zirə” qələbə qazanmağa məhkumdur. “Turan Tovuz” isə mübarizəni sona qədər davam etdirmək üçün 3 xal arzusundadır.
“Araz-Naxçıvan”, “Sumqayıt” və “Neftçi”nin 30 xalla pusquda dayandığını nəzərə alsaq, hər iki komanda qələbə qazanmağa çalışacaq.
“Turan Tovuz”un rusiyalı qapıçısı Sergey Samok Sportinfo.az-a açıqlamasında bu görüşün onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini gizlətməyib:
“Zirə” indiki məqamda əsas rəqibimizdir. Ötən tur biz 2 xal itirdik, onlar isə qələbə sayəsində turnir cədvəlində bizdən önə keçdi.
Mövqeyimizi qaytarmağa çalışacağıq. Gərgin və maraqlı oyun olacağına şübhə etmirəm.
Bizim kimi, “Zirə” də qalib gəlməyə çalışacaq. Məqsədimiz qələbədir. İnanıram ki, sonda sevinən tərəf olacağıq. Komandamızın gücü buna imkan verir”.
Fevralın 20-də “Azersun Arena”da gerçəkləşəcək duel saat 17:00-da başlayacaq.
HƏBİB

