“Turan”a “yardım əli”ni uzadan(lar) - AFFA rəhbərliyi şübhəli qərarı araşdırmalıdır!

14:40 Turan 207
“Turan”a “yardım əli”ni uzadan(lar) - AFFA rəhbərliyi şübhəli qərarı araşdırmalıdır!

Kurban Berdiyevin bu ilin «Turan Tovuz»una baxımlı futbol oynatması barədə rəylər çıxır ara-sıra qarşıma.

Gülüb keçirəm.

Şişirtmə olar e, ancaq bu boyda yox da! Berdiyev 74 yaşa gəlib, harada çalışıbsa, həmişə eyni futbolu oynadıb.

O, istəsə belə, «Turan»a baxımlı oyun oynatdıra bilməz. Ən azından, prinsiplərinə zidd getməmək üçün.

«Turan»ın «Karvan»la qarşılaşmasını izləyənlər mənimlə razılaşar - Premyer Liqanı tərk etməyə ən real namizədi üstələməyə çox çətinlik çəkdilər.

«Karvan»da iki-üç usta ayaq çatmadı ki, matçın yekun hesabını dəyişdirsin. «Turan»ın heyəti geniş və indi daha yaxşıdır. Vüqar Həsənli də doğma rayonunun komandasına öz simpatiyasını gizlədə bilmədi.

Tovuzlu referini Tovuz komandasının oyununa göndərən Hakimlər Komitəsinin sədri Rəhim Həsənova ayıb olsun!

Bu qədər hakim olduğu halda, «Turan»ın oyununa məhz Vüqarı təyin etmək onun böyük qəbahətidir.

Buradan AFFA rəhbərliyinə səslənirəm ki, Həsənovun Həsənli ilə əlaqəli qərarını araşdırsınlar. Sədri çağırıb soruşsunlar ki, verdiyi qərarın arxasında nə dayanır, sən neyləmək istəyirsən, nədən araya söz-söhbət salırsan?

Baş hakim başqa biri olsaydı, şübhə eləmirəm ki, «Turan» 90 dəqiqəni 9-10 nəfərlə başa vurardı. Kimi də qovmasa, Filipp Ozobiçi vaxtından əvvəl paltardəyişmə otağına göndərərdi.

Belə məqamlar nəzərdən qaçmamalıdır, təhqiq olunmalıdır. Rəhim Həsənov özbaşına buraxılmamalıdır.

Atdığı hər addım, etdiyi hər seçim və təyinat incələnməlidir. Gənc kadrdır, yeni işində təcrübəsizdir, bəlkə kənardan kiminsə təsiri, yaxud təzyiqi altındadır?

Bütün bunlar bilinməlidir, ya yox?

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti