Avrokubok iddiasını davam etdirən “Turan Tovuz”da üzlər gülür.
Bölgə təmsilçisi “Karvan-Yevlax”ı 1:0 məğlub etməklə 3-cü pillədəki mövqeyini bərkitdi.
Sportinfo.az-a müsahibə verən qərb təmsilçisinin müdafiəçisi Emanuel Hakman matçla və digər mövzularla bağlı sualları cavablandırıb.
-Növbəti qələbə sayəsində “Qarabağ”la “Sabah”dan əl çəkmək niyyətində olmadığınızı göstərdiniz. Razılaşaq ki, qələbə heç də asan başa gəlmədi.
- Komandada yüksək atmosfer var. “Qarabağ”a məğlub olmağımıza baxmayaraq, kubokda “Kəpəz”i, çempionatda “Karvan”ı məğlub etməyimiz motivasiyamızı artırır. Bu gün istəyimizə çatdıq, lakin qarşıda bizi daha çətin sınaqlar gözləyir. Onlara hazır olmalıyıq.
- Sizdən fərqli olaraq “Karvan” kubok oyunlarında iştirak etməmişdi. Yorğunluq hiss olunurdu?
- Hər nə qədər peşəkar futbolçular olsaq da, 8 gün ərzində 3 oyun keçirmək asan deyil. Lakin indi elə vəziyyətdir ki, yorğunluq barədə düşünmək olmaz. Var gücümüzü ortaya qoymalıyıq ki, hədəfə çataq.
- “Qarabağ”la matçda, xüsusən ikinci hissədə möhtəşəm təsir bağışladığınız halda, “Kəpəz” və “Karvan” kimi rəqiblərə qarşı qol imkanları yaratmaqda çətinlik çəkdiniz. Bunun səbəbi nədir?
- Bunun səbəbi sadədir. “Qarabağ” özü oynayır, bizə də oynamaq imkanı verir. Belə olduğu halda onların müdafiə xəttində boşluqlar yaranırdı, biz də istifadə etməyə çalışırdıq. Bütün komandalara hörmətlə yanaşıram. Lakin bəzi rəqiblər var ki, oyunu müdafiədən qurur, əsasən qol buraxmamaq haqda düşünür. Belə matçlarda çətinlik çəkməyimiz, qol imkanlarının azlıq təşkil etməsi normaldır. Səbəb sırf bununla bağlıdır.
- Ötən mövsümlə indikini müqayisə etsək, hansı daha maraqlı və gərgindir?
- Azərbaycana gəldiyim gündən futbolun və çempionatın inkişaf etdiyini görürəm. Klub və komanda olaraq biz də inkişaf edirik. Ötən illə indiki müqayisə etsək, məncə indi turnir cədvəlində daha çox sıxlıq müşahidə olunur, qarışıq vəziyyət var.
HƏBİB

