«Turan Tovuz»un bir qrup əməkdaşının, həmçinin akademiyada çalışanların əməkhaqqısı azaldılıb.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamızla əlaqə saxlayan işçilər İdarə Heyətinin sədri Ehtiram Quliyevin onları məyus etdiklərini söyləyiblər.
Belə ki, biznesmen bütün diqqətini əsas komandaya yönəldib, digər sahələrə isə barmaqarası yanaşır:
«Hər yerdə bahalaşma gedir. Biz maaşımızın artırılacağını gözləyirdik, əksi oldu.
Əməkhaqqımızı iki-üç yüz manat aşağı salıblar. Deyirlər ki, razısansa, qal, bu pula işlə, istəmirsən, çıx get.
Qalmışıq belə… Bilmirik sözümüzü kimə deyək.
Ehtiram müəllim Tovuza az-az gəlir daha. Gələndə də bizi onunla görüşməyə qoymurlar.
Özü də bir dəfə soruşmur ki, nə edirsiz, nə sözünüz var? Rayonda iş tapmaq çətindir.
Ona görə də çox adam səsini çıxara bilmir klubda. Burada maaşı 400-500 manata salınanlar var.
Bu yazıqlar həmin pulla necə dolansın? 400-500 manatla ailə saxlamaq olmaz axı.
Kimə deyirsən, bizi başa düşən yoxdur. Ehtiram müəllim bütün fikrini əsas komandaya verib.
300-400 min dollara legionerlər gətirirlər, bizə də qəpik-quruş verirlər. Bu, haqsızlıq deyil?
Başqa vaxt insafdan, ədalətdən danışırlar, amma bunlar quru sözdür, əməldə isə… Xahişimiz budur ki, «Turan»ı daim diqqətdə saxlayasız.
Sizin saytınız kluba münasibətdə həmişə obyektiv olub. İstəyirik ki, bundan sonra da «Turan»a həssas yanaşasız».
SPORTİNFO.AZ

