Abdulla Rzayev karyerasını “Turan Tovuz”da davam etdirəcək.
Bu, baş məşqçi Kurban Berdıyevin qərarıdır.
Premyer Liqanın ilk yarısında lazımınca şans qazanmayan müdafiəçi ilə elitanın üç klubu yaxından maraqlanırdı – “Kəpəz”, “Karvan-Yevlax” və “Şamaxı”.
Hətta Abdullanın özü də mütəmadi şans qazana biləcəyi komandaya üz tutmaq istəyib.
Son olaraq “Şamaxı”nın və Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Rzayevə “elçi düşüb”.
İsrarla onu komandasında görmək istəyib ki, “Şamaxı”da daim oynamaqla gələcəkdə yığma komandaya qədər yüksəlsin.
Bölgə təmsilçisi bu məqsədlə bir neçə dəfə “Turan Tovuz”un qapısını döyüb. Berdıyev rəsmilərə son sözünü deyib:
“Çempionat uzun marafondur. Qarşıda vacib oyunlarımız var. Abdulla mənə lazım olacaq. Heç yerə buraxmayın”.
Maraq üçün bildirək ki, 23 yaşlı futbolçu müqavilə ilə “Sabah”a məxsusdur. O, ötən ilin yayında icarə əsasında Tovuz təmsilçisinə cəlb olunub.
Abdulla Rzayev cari mövsümdə Premyer Liqada 2 oyunda 125, Azərbaycan kubokunda 2 qarşılaşmada 164 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ

