«Turan Tovuz»da Kurban Berdiyevin əleyhinə narazılıq artıb.
Bu barədə redaksiyamıza komandanın özündən məlumat daxil olub.
Bildirilib ki, baş məşqçinin taktiki seçimi futbolçuları ayağa qaldırıb. Artıq bu «aksiya»ya Filip Ozobiç və İbrahima Vadji də qoşulub.
Xorvatiyalı yarımmüdafiəçi və seneqallı hücumçu «Baba» ləqəbli çalışdırıcıdan rəhbərliyə şikayət edib. Funksionerlərlə görüşən oyunçular rusiyalı mütəxəssisin onların düzgün istifadə etmədiyini söyləyiblər.
Qeyd eləyiblər ki, Berdiyev məşq proseslərində bir qayda olaraq standart vəziyyətlər üzərində işləməyi tapşırır, hazırlıq müddətinin ən azı 2/3 hissəsi buna həsr olunur. Həmçinin baş məşqçi toplu çalışmalara barmaqarası yanaşır.
Tovuz təmsilçisi Premyer Liqanın 16 turu ərzində 27 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev çempionluq uğrunda mübarizəni davam etdirəcəklərini desə də, futbolçular nəinki bu tapşırığı yerinə yetirə biləcəklərinə, heç avrokuboklara vəsiqə qazanacaqlarına inanmır.
Elə idarəçilərə də bunu söyləməkdən çəkinməyiblər.
Həm Ozobiç, həm də Vadji yayda «Turan»dan gələn təklifi geri çevirmədiklərinə görə indi peşmanlıq hissi keçirdiklərini etiraf edib.
SPORTİNFO.AZ

