Ehtiram Quliyevin klubu qaş düzəltdiyi yerdə vurub “göz çıxartdı”

17:00 Turan 263
Ehtiram Quliyevin klubu qaş düzəltdiyi yerdə vurub “göz çıxartdı”

Qaş düzəltdiyi yerdə göz çıxarmaq...

Bu, bizim ulu babalarımızın bütün dövrlər üçün aktuallığını saxlayan atalar sözü silsiləsindəndir.

Məsələn, bu günün "Turan Tovuz"nun boyuna biçilib deyə bilərik.

Daha da dəqiqləşdirsək, onun rəhbəri Ehtiram Quliyevin...

Deməli, 2025-ci ilin iyul ayında Tovuz şəhər stadionu təmirə bağlandı.

Məqsəd meydanın süni örtüyünü təbii örtüklə əvəzləmək idi.

Kürdəxanıda baza salan, Tovuzda akademiya binası tikdirən Ehtiram Quliyevin bu addımı da haqlı olaraq təqdir olundu.

Ölkə futbolunun ən yaralı nöqtələrindən biri, bəlkə də elə birincisi meydançaların yararsız süni örtüklü olmasıdır.

İş adamı səxavətli davranaraq, bir çox xəsis klub rəhbərlərindən fərqli irəli düşüb Tovuz şəhər stadionuna təbi örtüklü meydan bəxş etməyi üzərinə götürdü.

Çörəyi ver çörəkçiyə, beş də üstündə. Boş yerə digər atalar sözünü xatırlamadım ha...

Davam edək...

İşlər ölkəmizdə meydançların salınmasında, qorunub-saxlanmasında bir nömrəli mütəxəssis hesab edilən Fil Şarplesə həvalə olundu.

İngilis mütəxəssisin rəhbəri olduğu “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçirildi, ardınca isə müasir standartlara cavab verən təbii ot örtük salındı.

Bu müddətdə bölgə klubu ev oyunlarını "Qarabağ"a məxsus "Azərsun Arena"da keçirdi.

Nəhayət, oktyabr ayında elan olundu ki, işlər tam yekunlaşıb, yeni təbii örtük tam hazır vəziyyətə gətirilib.

Amma biz elə onda da yazmışdıq ki, klub tələsir. Havadan-sudan demirdik, əlimizdə əsaslar vardı.

Redaksiyamıza ciddi mənbələrdən məlumat daxil olmuşdu ki, yeni örtüyün salınmasını həyata keçirən "Caspian Sport and Landscape”ın rəhbəri Fil Şarples klub rəhbərliyinə xəbərdarlıq edib ki, nəbadə indiki məqamda burada oyunlar keçirilsin. Əks halda, yeni-yeni özünə gələn otun bərpası çətin olacaq.

Amma "Turan Tovuz"un başbilənləri mütəxəssis rəyini heçə saydılar.

Kimsəni dinləmədən 2 noyabr tarixində "Şamaxı"ı ilə matç Tovuz şəhər stadionunda keçirildi.

Oyundan öncə meydanın gözoxşayan döşəməsi 5-10 dəqiqədən sonra darmadağın oldu.

Pozulan görüntü, qopan ot topları aylardı görülən işi, çəkilən əməyi göyün yeddinci qatından yerə çırpdı.

Klub rəsmi, qeyri-rəsmi yollarla mesajlar verdi ki, yeni döşənən ot üçün başverənlər normaldır.

Zamanla hər şey əla olacaq.

Amma hər ötən ev oyunu daha bərbad meydançanı gözlər önünə sərdi.

Bu minvalla 3 ev oyunu birtəhər arxada qaldı.

Bütün ümidlər qış fasiləsinə bağlanmışdı. Ki, 1 aylıq fasilədə örtüyün bütün qüsurları aradan aparılar.

Fasilədən sonra "Sumqayıt"la baş tutmalı ilk ev oyununa 1 həftə qalmışa kimi səbr edən rəhbərliyə bəd xəbər gəldi - Marta qədər Tovuz şəhər stadionunda oyun keçirmək olmaz.

Məcburiyyətdən "Turan" yenidən "Azərsun Arena"ya qayıtmalı oldu.

"Sumqayıt"la prinsipial görüş isə elə Sumqayıtda keçiriləcək.

Başqa vax rəqabətdən, prinsiplərdən danışan, hər fürsətdə "Sumqayıt" cəbhəsinə ilişən "Turan" cəbhəsi elə həmin "Sumqayıt"a möhtac qaldı.

30 il əvvəl "Fənərbaxça" ilə görüşdə olduğu kimi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti