Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.
"Turan Tovuz"la davam edirik...
Qərb təmsilçisi mövsümə çempionluq iddiası ilə başladı.
Amma qışa qədər yaşananlar göstərdi ki, bu populist çıxışdan başqa bir şey deyil.
Hər halda, mövsümün birinci yarısına görə liderdən 10 xal geridə qalmaq belə düşünməyə ciddi əsas verir. Hələ bunun ikinci sırada olan "Qarabağ"ı var.
Deməli, nəinki çempion olmaq, hətta medalçılar sırasında mövsümü başa vurmaq ciddi sual olaraq qalır.
Halbuki Kurban Berdiyevin uğurlu olması üçün rəhbərlik daha nə etməyib ki...
Heyətdə 13 əcnəbi futbolçu var.
Arasında Filip Ozobiç, İbrahima Vadji kimi təcrübəli, hamımıza tanış adlar və Robert Olabe, Xorxe Silva, Enrike Silva kimi yaxşı pullar qarşılığında Qərbə üz tutan əcnəbilər yer alır.
Alex Serrano, Emmanuel Hakman, Roderik Miller kimi köhnə əcnəbilər, Şəhriyar Əliyev, Xəyal Nəcəfov, Faiq Hacıyev kimi təcrübəli köhnə yerliləri də unutmaq olmaz.
Bir sözlə, əcnəbi çalışdırıcının əlinin altında geniş və sabit bir heyət var.
Şərait də ən üst səviyyədə.
Bakıda baza var, Tovuz gediş-qayıdış xüsusi ayrılmış qatar həyata keçirilir.
Qidalanma, təlim-məşq toplanışı ən üst səviyyədədir.
Amma nəticələr kimi, göstərilən oyun da kollektivə göstərilən diqqət və qayğının kölgəsində qalır.
Əbəs deyil, son ev oyununda artıq Berdıyevin ünvanına istefa şüarlarını da eşitdik.
Boşuna deyil, təhlükənin qapıda olmasını azarkeşlər də görür.
Bu gün aktovindəki 27 xala görə tovuzlular bəxtinə də minnətdar olmalıdır.
İddialı rəqiblərlə bacarmayan bölgə klubu "İmişli", "Karvan-Yevlax" və "Şamaxı" kimi rəqibləri də bəzən məhz şansın hesabına məğlub edə bilib.
Əks halda vəziyyət daha da acınacaqlı ola bilərdi.
Fasilədə ciddi toxunuş mütləqdir.
Xüsusilə də oyun modelinə.
Vur qabağa, məmmədağa prinsip davam etsə, hətta hazırda olduqları 4-cü sırada qalmaq belə müşkülə çevriləcək.
Nəzərə alaq ki, 5-ci sırada olan "Sumqayıt"ın xalı "Turan"la eynidirsə, 6-cı pillədə yer alan "Araz-Naxçıvan" cəmi 1 xal geri qalır.
"Turan"ın ehtiyatda bir oyununun qalması da, mürəkkəb durumu sadələşdirmir.
XANOĞLAN İMANOV

