Cari mövsümə 4 oyunda qazandığı 3 qələbə ilə uğurlu start verən “Turan Tovuz” növbəti həftələrdə çətin günlər yaşadı.
Lakin qış fasiləsi ərəfəsində 4 görüşdə qələbəsizlik yaşanması azarkeşlərin ciddi narazılığına səbəb oldu.
Qərblilər 16-cı turda “Kəpəz” üzərindəki səfər qələbəsi ilə xalların sayını 27-yə yüksəldib qış fasiləsinə 4-cü pillədə yollandı.
İndi tovuzlu futbolsevərləri maraqlandıran əsas sual “Turan Tovuz”un mövsümün ikinci yarısında necə təsir bağışlayacağı, onlara avrokuboklara vəsiqə sevincini yaşadıb-yaşatmayacağıdır.
Komandanın tacikistanlı “1 nömrə”si Oleq Baklov Sportinfo.az-a açıqlamasında fanatlara səslənib:
“Mövsümü başdan-ayağa eyni tempdə keçirmək mümkün deyil. Bəzən uğurlu nəticələr sıralanır, bəzən “qara zolağ”a düşürsən.
Qış fasiləsinə yaxın istədiyimiz nəticələri qazanmaqda çətinlik çəkdik.
Azarkeşlərə demək istəyirəm ki, avrokuboklara vəsiqə qazanaraq onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bunu futbolçu yoldaşlarımın da adından söz verirəm!
Sonuncu oyuna qədər meydanda canımızı qoyacağıq. Heç kim təslim olmayacaq. İstəyimiz “Turan Tovuz”u avrokuboklara daşımaqdır”.
Maraq üçün bildirək ki, Tovuz təmsilçisi nin “Qəbələ” ilə görüşü təxirə salındığından, rəqibləri ilə müqayisədə 1 oyun az keçirib.
HƏBİB

