Azərbaycandakı ispan: “Səhv və düz elədiyimiz şeyləri bilirik”

02:10 Turan 68
Azərbaycandakı ispan: “Səhv və düz elədiyimiz şeyləri bilirik”

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz”un ispaniyalı yarımmüdafiəçisi Roberto Olabe Premyer Liqanın 16-cı turunda “Kəpəz” üzərindəki 2:0 hesablı qələbədən sonra müsahibə verib.

- İlin son matçında “Kəpəz”i məğlub etdiniz. Demək olarmı ki, bu, komanda üçün hazırda çox vacib idi?

- Sevinirik və bir az da fəxr hissi keçiririk. Azarkeşlərimiz üçün çox vacib idi, çünki onlar bunu gözləyirdi. Qalibiyyəti əldə etdik. Sevincli digər tərəfi odur ki, tətilə yüksək əhval-ruhiyyədə yollanacağıq.

- Sizin üçün mövsümün ilk yarısı başa çatdı. Necə dəyərləndirirsən?

- Bir az üzərimizdə işləməliyik. Səhv və düz elədiyimiz şeyləri bilirik. Dincələcəyik, bundan sonra təlim-məşq toplanışımız başlayır. Türkiyədə hazırlıq keçəcəyik. Üzərində işləməli olduğumuz nüansları bilirik və orada çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq.

- Komanda mövsümün startında zirvədə idi. Sonradan nə baş verdi? Qeyri-sabit çıxışı nəyə bağlayırsan?

- Biz indi keçmiş barədə düşünmürük, buna fikir vermirik. Bilirik ki, əsas mövsümün sonudur. Vaxt çatanda nəticələri görəcəyik və analiz edəcəyik. Hazırlaşacağıq və bundan sonra daha yaxşı çıxış etmək istəyirik.

- Fasilədən sonra daha yaxşı “Turan Tovuz” görəcəyik?

- Düşünürəm ki, bəli. Hazırlıqlardan sonra daha yaxşı komanda olacağıq.

- Təxminən 1 aya yaxın fasilə var. Bu fasilə sizə necə təsir edəcək?

- İstirahət üçün yaxşı fürsət var. Ondan sonra məqsədlərimiz üçün məşqlərə başlayacağıq. İndi ailələrimizlə bir yerdə dincəlmək üçün zamandır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi