Qış fasiləsinə “Kəpəz” üzərində 2:0 hesablı qələbə ilə yollanan “Turan Tovuz”un qış hazırlıq planının detalları məlum olub.
Qərb təmsilçisi təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Toplanışa yanvarın 4-də start veriləcək. Azərbaycanda yaşayan məşqçi, futbolçu və inzibati heyət işçiləri qardaş ölkəyə həmin gün Bakıdan yola düşəcək.
Legionerlər isə vətənlərindən birbaşa Antalyaya uçacaq.
Hazırlıq mərhələsi kurort şəhərinin Belek bölgəsində baş tutacaq ki, kollektiv “İC Santai” otelində məskunlaşacaq.
Yanvarın 18-nə qədər davam edəcək toplanışda baş məşqçi Kurban Berdıyev iki yoxlama matçının keçirilməsini istəyib.
Rəqiblərin adları hələ ki, məlum deyil. Bu, sırf baş məşqçinin istəyinə görədir. 73 yaşlı çalışdırıcı güclü komandaların seçilməsini istədiyindən, rəsmilər tələsik qərar vermək istəmir.
Siyahıdakı adları tam nəzərdə keçirəndən sonra uyğun rəqiblər seçiləcək.
HƏBİB / SPORTİNFO,AZ

