«Turan Tovuz» rəhbərliyi Kurban Berdiyevin istefası məsələsini müzakirəyə çıxarmayıb.
Bu barədə klubdan saytımıza məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, rusiyalı çalışdırıcı buradakı fəaliyyətini davam etidirəcək.
Premyer Liqanın 15-ci turunda «Sabah»a 1:3 hesablı məğlubiyyətdən sonra 73 yaşlı mütəxəssislə heç bir görüş keçirilməyib, azarkeşlərin tələbi gündəmə gətirilməyib.
Hərçənd Ehtiram Quliyev fanatlarla həmfikirdir. Ümumiyyətlə, İdarə Heyətinin sədri ötən ilin iyununda verdiyi qərara görə indi çox peşmanlıq hissi keçirir.
İş adamı həmin vaxt görəvə gətirdiyi «Baba»nın ötən mövsüm olduğu kimi, cari «futbol ili»ndə də komandaya uğur qazandırmayacağını təxmin edir.
Sadəcə, ortada daşdan keçən müqavilə var. Bu sənədə əsasən, Berdiyevin istefaya göndərilməsi klubu böyük miqdarda xərcə sala bilər.
Söhbət bir yox, bir neçə yüz min dollar təzminatdan gedir. Quliyev «Rubin»in sabiq sükançısının iri məbləğdə kompensasiyanı almadan çıxıb getməyəcəyini bildiyi üçün indi sakit dayanıb.
Nə vaxtadək? Hə, bu da yaxşı sualdır. S
ədrə yaxın şəxslərin redaksiyamıza bildirdiyinə görə, «Baba»nın iyundan tez Azərbaycanı tərk etməsi gözlənilmir.
Yəni, hər şey mövsümün sonunda bəlli olacaq. Nəticə burada əsas götürüləcək. O, «Turan»ı avrokuboklara daşımağı bacarmasa, mövcud müqaviləsi yenilənməyəcək.
Tovuzlu azarkeşlər «Sabah»la matçda Berdiyevi istefaya səsləyib. Qonaqların ikinci qolu vurmasından sonra stadionu səs-küy başına götürüb.
Triubnaları sürətlə boşaldan fanatlar «bayquşlar»ı alqışlamağı da lazım bilib.
SPORTİNFO.AZ

