Ehtiram Quliyev nədən Kurban Berdiyevi istefaya göndərə bilmir? - İLGİNC MƏQAMLAR!

11:05 Turan 443
Ehtiram Quliyev nədən Kurban Berdiyevi istefaya göndərə bilmir? - İLGİNC MƏQAMLAR!

“Turan Tovuz” Premyer Liqada ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı.

Buna qədər “Zirə”, “Araz-Naxçıvan” və “Neftçi” ilə bərabərə qalan bölgə təmsilçisi doğma meydanda “Sabah”a uduzdu - 1:3.

İkinci hissənin gedişində və matçın yekununda yerli azarkeşlər “istefa” şüarını dəfələrlə səsləndirdi.

Təbii ki, “get” mesajı baş məşqçi Kurban Berdıyevə ünvanlanmışdı.

Tovuzlu futbolsevərlərin “Turan Tovuz”un oyunundan və nəticələrindən narazılığı həftələrdir davam edir.

Bəs klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev baş məşqçi ilə bağlı nə düşünür? Vəzifəsindən ayrılması gündəmdədir.

“Turan Tovuz”un rəhbəri qarşılaşmadan sonra saytımızın əməkdaşına qısa cavab verib: “Xeyr, belə bir fikrimiz yoxdur”.

Ondan başqa reaksiya gözləməyə də dəyməz. Əlbəttə, komandanın durumu Quliyevi qayğılandırır. Bəlkə də yuxusunu qaçırıb, günlərlə yata bilmir.

Biz bunu dəqiq bilmirik. Dəqiq bildiyimiz odur ki, sədr gedişatın «Turan»ın əleyhinə olduğunu, futbolçuların çöküşə keçdiyini görür və narazıdır.

Sadəcə və sadəcə... Berdiyevin vaxtından əvvəl görəvdən alınması tək onun verəcəyi qərar deyil.

«Baba»nın müqaviləsi gələn ilin yayınadək qüvvədədir. Kontraktın birtərəfli ləğvi havayı başa gəlməyəcək - ona külli miqdarda təzminat ödəmək lazım olacaq.

Berdiyevin yaşı artıq 73-dür və «Turan», böyük ehtimalla, onun sonuncu iş yeridir. Bundan belə, çətin ki, böyük pullar qazana bilsin.

Elə isə kompensasiya almaq fürsətini qaçırarmı? İnanan daşa dönsün.

Ehtiram Quliyev hər şeyin fərqindədir. Deyilənə görə, Berdiyevin Rusiyadan Azərbaycana gəlməsində «Putin İlham» kimi tanınan milyarder İlham Rəhimov da ona köməklik göstərib.

İstər elə, istər belə. Yayılan xəbərlər doğrudursa, baş məşqçinin aldığı pulun böyük qismini tovuzlu iş adamı qarşılayır.

Bu, həqiqətən belədirsə, gərək Quliyev mütləq Rəhimovla danışsın, rəyini alsın.

Həmyerlisindən xəbərsiz, məsləhətini dinləmədən bu addımı atması qeyri-mümkündür.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu