“Neftçi”dən uzaqlaşdırılan baş məşqçi ilə gizli görüşdülər - Bizə gələrsən?

13:00 Turan 636
“Neftçi”dən uzaqlaşdırılan baş məşqçi ilə gizli görüşdülər - Bizə gələrsən?

«Neftçi»nin sabiq baş məşqçisi Samir Əliyev tezliklə «Turan Tovuz»da peyda ola bilər.

Noyabrın 24-də «ağ-qaralar»ın sükanı arxasından uzaqlaşdırılan və ayrılığı səs-küysüz ötüşməyən mütəxəssis qərb klubu ilə sıx təmasdadır.

Son bir neçə gün ərzində onlar arasında belə əlaqə yaranıb. Əyalət təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevə yaxın adamlar onunla görüşüb, mümkün təyinatı barədə onun fikri ilə maraqlanıb.

Ötən həftə «Araz-Naxçıvan»dan gəlmiş təklifi geri çevirən çalışdırıcı Tovuzda işləmək perspektivinə müsbət yanaşıb.

Söhbətləşmələr kifayət qədər sakit şəkildə aparılır. Bunu gizli və ya məxfi görüşmə də saya bilərik.

Quliyevin adından danışıqlar aparan emisarları yetərincə ehtiyatlı tərpənir. Onlar Kurban Berdiyevin bu məsələdən xəbər tutmaması üçün olduqca səssiz davranır, danışıqları gizli aparmağa çalışırlar.

Amma düz deyiblər ki, yerin də qulağı var. Və yenə də sağ olsun hər iki tərəfə yaxın ortaq dostlarımız!

Redaksiyamızı proses barədə məlumatlandırmağı özlərinə borc biliblər. «Turan»ın Abasovla rabitə qurması təsadüfi sayılmamalıdır.

Komandanın pis futbol oynaması, medianın bununla bağlı tənqidləri, azarkeşlərin sosial şəbəkələrdə bildirdiyi narazılıqlar artıq Quliyevin susqunluğunu pozub.

Klub rəsmiləri bu konteksdə redaksiyamıza bəzi məlumatlar verib. Onların dediyinə görə, sədr baş məşqçi postunda yeni sima görmək istəyir.

O, Kurban Berdiyevin burada uğur qazanacağına böyük şübhə ilə yanaşır və bunu yaxın çevrəsiylə söhbətlərdə açıq etiraf edib.

Sədr 2024-cü ilin iyun ayından komandanı çalışdıran 73 yaşlı rusiyalının oyun anlayışının «Turan»a uyğun gəlmədiyini, matçlar zamanı böyük narahatlıq yaşadığını, kollektivdaxili söz-söhbətlərdən yorulduğunu söyləyib.

Saytımıza ötürülən informasiyaya görə, Ehtiram Quliyev qış fasiləsinədək «Baba»ya zaman tanıyıb.

Hazırda Premyer Liqada 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmış «Turan» növbəti 2 turda sərfəli nəticələr əldə eləyib ilk «üçlüy»ə daxil olmasa, Berdiyevin istefa məsələsinə baxılacaq.

Saytımıza bildirilib ki, «Rubin»in sabiq çalışdırıcısını əvəzləməyə potensial namizədlərin siyahısının hazırlanmasına dair funksionerlərə tapşırıq verilib.

Samir Abasov burada yer alır, özü də birincidir. Quliyevin çılğın xarakterli məşqçi tipindən xoşu gəldiyi üçün «Neftçi»nin sabiq çalışdırıcısına böyük simpatiya ilə yanaşır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti