Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev, nəhayət, dilə gəlib.
Komandanın pis futbol oynaması, medianın bununla bağlı tənqidləri, azarkeşlərin sosial şəbəkələrdə bildirdiyi narazılıqlar artıq onun da susqunluğunu pozub.
Klub rəsmiləri bu konteksdə redaksiyamıza bəzi məlumatlar verib. Onların dediyinə görə, Quliyev baş məşqçi postunda yeni sima görmək istəyir.
O, Kurban Berdiyevin burada uğur qazanacağına böyük şübhə ilə yanaşır və bunu yaxın çevrəsiylə söhbətlərdə açıq etiraf edib.
Sədr 2024-cü ilin iyun ayından komandanı çalışdıran 73 yaşlı rusiyalının oyun anlayışının «Turan»a uyğun gəlmədiyini, matçlar zamanı böyük narahatlıq yaşadığını, kollektivdaxili söz-söhbətlərdən yorulduğunu söyləyib.
Saytımıza ötürülən informasiyaya görə, Ehtiram Quliyev qış fasiləsinədək «Baba»ya zaman tanıyıb.
Hazırda Premyer Liqada 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmış «Turan» növbəti 3 turda sərfəli nəticələr əldə eləyib ilk «üçlüy»ə daxil olmasa, Berdiyevin istefa məsələsinə baxılacaq.
Saytımıza bildirilib ki, «Rubin»in sabiq çalışdırıcısını əvəzləməyə potensial namizədlərin siyahısının hazırlanmasına dair funksionerlərə tapşırıq verilib.
SPORTİNFO.AZ

