Səhvini etiraf etdi, “məni bağışlayın” dedi - Görün, “Turan Tovuz”da nə baş verir!

13:00 Turan 212
Səhvini etiraf etdi, “məni bağışlayın” dedi - Görün, “Turan Tovuz”da nə baş verir!

«Turan Tovuz»da maraqlı hadisə baş verib.

Klubdan saytımıza ötürülən məlumata görə, fiziki hazırlıq üzrə məşqçi Marko Kaser Kurban Berdiyev və futbolçulardan üzr istəyib.

Soruşun ki, niyə görə? Deməli, son vaxtlar komandanın bir neçə oyunçusu məşq prosesində zədə alıb. Son olaraq Alexandro Serrano sıradan çıxıb.

İspaniyalı yarımmüdafiəçi Premyer Liqanın 13-cü turunda «Neftçi»yə qarşı keçirilən matçın (0:0) 32-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.

Marko Kaser «zədə epidemiyası»nın məsuliyyətini öz üzərinə götürüb.

O, hazırlıq planını düzgün tərtib etmədiyini, komanda üzvlərinin bir-bir sıradan çıxmasının səbəbinin bununla bağlı olduğunu boynuna alıb. Apenninli köməkçi işinə səhlənkar yanaşdığını deyib.

Bu etirafa rəğmən, Berdiyev öz korpusunda dəyişiklik planlaşdırır. Rusiyalı çalışdırıcı fiziki hazırlıq üzrə köməkçisi Marko Kaserin işindən kəskin narazıdır.

«Baba» rəsmi şəxslərlə son söhbətlərində bir qayda olaraq italiyalı yarımçısından şikayətlənib.

73 yaşlı mütəxəssis komandanın fiziki durumunun onu qane etmədiyini, futbolçuların tez-tez zədələnməsini Kaserin yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

«Rubin»in sabiq sükançısı sözügedən köməkçi ilə müqaviləyə qış fasiləsində xitam verilməsini istəyib.

Kaser bu ilin iyulundan Azərbaycanda işləyir.

İtalyan daha öncə İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında əmək sərf edib.

"Turan Tovuz"un onunla bağladığı müqavilənin müddəti 1 ildir. Apenninli mütəxəssisin buradakı aylıq qazancının 10 min dollar təşkil etdiyi söylənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"