Tovuz şəhər stadionunun yeni döşənmiş meydanı yenə təhlükə saçdı.
Noyabrın 2-də “Şamaxı” ilə ilk oyunu “qəbul edən” qazon matçın gedişində biabırçı vəziyyətə düşmüşdü.
Düşünmək olardı ki, 26 günlük fasilə mütəxəssislərin işinə yarayacaq və noyabrın 28-də “Neftçi” ilə qarşılaşma ideal meydanda baş tutacaq. Lakin bu dəfə də faciəvi duruma şahidlik etdik.
Böyük pullar hesabına salınan meydan Alexandro Serranonun zədələnməsinə səbəb oldu, Haydersun Hurtado çətinliklə də olsa matçı başa vurdu. Dünya şöhrətli Vensan Abubakar isə bir neçə epizodda örtüyə baxıb başını yellədi.
Kimdir günahkar? Tələskənliyə yol verən klub rəhbərliyi, yoxsa 1 illik müqavilə bağlayaraq noyabrda ortaya ideal iş qoyacağına söz verən ot mütəxəssisi Filip Şarples?
Deməli, “Şamaxı” ilə görüşdən 3 həftə əvvəl “Qarabağ”dan “Turan Tovuz”a zəng daxil olub.
Ki, sizin gələcəklə bağlı planınız nədir? Hansı tarixə qədər “Azersun Arena”da oynayacaqsız? Biz qazona əl gəzdirmək istəyirik və s. və i.
“Turan” rəsmiləri “Qarabağ”a cavab vermək üçün Şarpleslə əlaqə yaradıb. İngiltərəli mütəxəssis prosesin başa çatmaq üzrə olduğunu söyləyib, qarşıdakı 3 həftə ərzində işlərin başa çatacağına dair zəmanət verib.
Bu sözlərdən sonra bölgə təmsilçisi “Şamaxı” ilə qarşılaşmanın Tovuzda keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Peşəkar Futbol Liqasına məlumat verilib, afişalar hazırlanıb, sosial şəbəkələrdə paylaşımlar edilib, qonaq komanda, hakimlər və oyuna məsul şəxslər bütün planlarını noyabrın 2-dəki oyunun Tovuzda reallaşacağına görə qurub.
Matça 2-3 gün qalmış Şarples klub rəsmiləri ilə əlaqə saxlayaraq vəziyyətin qənaətbəxş olmadığını bildirib, oyunun başqa stadionda keçirilməsinə dair məsləhət verib. Özünün də mətbuata verdiyi açıqlamada dediyi kimi, bəli, rəhbərliyi məlumatlandırıb. Amma nə vaxt? Oyuna 2-3 gün qalmış.
Həmin vaxt qarşılaşmanın yerinin dəyişdirilməsi mümkün olmayıb. Çünki Əsasnamədə oyunun məkanının təyin olunması ilə bağlı bir həftə əvvəldən xəbər verilməsi göstərilib. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, rəqib komanda, hakimlər və digər məsul şəxslər planını Tovuza uyğun qurub.
Qısası, yerdəyişmə mümkün olmadığından, “Şamaxı” ilə matç Tovuzda keçirildi. Meydanın hansı vəziyyətdə olduğunu isə az qala bütün ölkə gördü.
Bəs, “Neftçi”ylə oyundakı vəziyyət? Geridə qalan 26 gün örtüyü səhmana salmağa kifayət etmədi?
“Şamaxı” ilə dueldən sonra rəhbərliklə ingilis mütəxəssis arasında danışıq olub. Şarples problemi qısa müddətdə aradan qaldırmaq üçün lazım olan dərman və ləvazimatları rəsmilərə təqdim edib. Ehtiyac duyulan pereparatlar alınaraq Tovuza göndərilib.
Ot mütəxəssisi 3 həftə ərzində əlindən gələnin ən yaxşısını etməyə çalışıb. Lakin otu tam şəkildə bərkitmək mümkün olmayıb. Bu isə bölgədə havaların soyuq keçməsi və meydanın bəzi yerlərinə gün düşməməsinə görə baş verib. Vəziyyət “Şamaxı” ilə oyunla müqayisədə nisbətən düzəlsə də, tam həlli üçün zamana ehtiyac var.
Dekabrın 12-də “Sabah”la bölgədəki görüşdə qazonun müəyyən hissələrində qopmalar qaçılmaz olacaq. Nöqsanı tam aradan qaldırmaq ən yaxşı halda qış fasiləsini gözləmək lazımdır. Həmin vaxta qədər “Turan Tovuz” və Tovuza səfər edəcək “Sabah” mövcud durumla barışmalıdır.
HƏBİB / SPORTİNFO.AZ

