"Turan Tovuz" ardıcıl üçüncü görüşdə də 3 xala həsrət qaldı.
Bölgə klubu bu dəfə doğma meydanda "Neftçi"nin müqavimətini qıra bilmədi - 0:0.
Daha əvvəl isə kollektiv "Zirə" və "Araz-Naxçıvan"la görüşlərdə 1 xala sevinməli olmuşdu.
Düzdü, Qərb təmsilçisi qələbə qazana bilmədiyi görüşlərdə sıradan rəqiblərlə qarşılanmayıb.
Məğlub olmamaq da hardasa qazanc sayıla bilər. Nəticə baxımdan qorxulu nəsə yoxdur.
Amma göstərilən oyun narahat etməyə bilməz.
Kurban Berdiyev öz dəsti-xəttinə sadiq qalmağa davam edir.
Bəs belə olan halda, bu cür sönük oyunla çempionluğa ümid etmək olarmı?
Son oyunlarda əsas heyət üzvünə çevrilməkdə olan Ayxan Hüseynov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:
"Bəli, tribunaya gələn azarkeş istəyir ki, oyun aqressiv keçsin, açıq oyun olsun.
Amma yaddan çıxarırlar ki, güclü rəqiblərə qarşı meydana çıxırıq. Bir səhvi belə rəqiblər bağışlamır.
Elə oyunlar olur ki, orada taktiki mübarizə gedir. Əlbəttə, biz də istəyirik ki, gözəl oyun keçsin, 2-3 qol olsun.
Lakin belə oyunlarda taktika önəmlidir. Əslində son görüşlərdə real qol şanslarımız oldu. O imkanları qola çevirsəydik nəticə daha yaxşı ola bilərdi".
XANOĞLAN

