"Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov Premyer Liqanın 12-ci turunda "Araz-Naxçıvan"la qolsuz bərabərliklə bitən matçdan sonra Sportinfo.az-a müsahibə verib.
O ilk olaraq görüş barədə danışıb:
- Araz-Naxçıvan"la ötən mövsümdən başlayaraq bütün oyunlarımız gərgin keçir. Ağır oyun olacağını bilirdik. Şükürlər olsun ki, uduzmadıq. Qələbəyə yaxın tərəf idik. 3 xal qazansaq daha yaxşı olardı.
- Qələbəyə yaxın tərəf olduğunuzu dedin. Səncə, buna nə çatmadı?
- Birinci hissə özümüzə bənzəmirdik. Fasilədə baş məşqçi tapşırıqlar verdi, daha inamlı olmağı tapşırdı. Biz də bunu bacardıq. Demək olar rəqibin qol imkanları olmadı. Sadəcə qələbə qolunu vura bilmədik
- Meydanda olanda yaradıcılıq baxımından faydalı iş əmsalın aşkar sezilir. Daha çox oynamağına nə mane olur?
- Məşqlərdə əlimdən gələnin artığını etməyə çalışıram. Mövsümün əvvəlində ilk iki oyunu start heyətində yer aldım. Amma qərarı verən baş məşqçidir. Mən nəsə deyə bilmərəm. İnşallah, oyundan-oyuna daha çox şans alaram.
- Qarşıdan "Neftçi" ilə matç gəlir. Qələbə qazanmaq mümkün olacaq?
- Öz evimizdə oynayacağıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Hər birini gözləyirəm. İnşallah, baş məşqçinin dediklərini edə bilsək qələbə bizim olacaq.
- Ehtiyatda 1 oyunu olan "Qarabağ"dan 3 xa geridəsiniz. Çempionluq iddiası davam edir?
- Hər oyuna üç xal üçün çıxırıq. Oyundan-oyuna artırıb çempionluq barədə danışmaq olar.
XANOĞLAN İMANOV

