«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev öz korpusunda dəyişiklik etməyi planlaşdırır.
Bu barədə klubdan saytımıza məlumat verilib.
Redaksiyamıza bildirilib ki, rusiyalı çalışdırıcı fiziki hazırlıq üzrə köməkçisi Marko Kaserin işindən kəskin narazıdır.
«Baba» rəsmi şəxslərlə son söhbətlərində bir qayda olaraq italiyalı yarımçısından şikayətlənib.
73 yaşlı mütəxəssis komandanın fiziki durumunun onu qane etmədiyini, futbolçuların tez-tez zədələnməsini Kaserin yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Berdiyev bildirib ki, o, hazırlıq proqramını düzgün tərtib eləmir, nəticədə 3 oyunçu eyni vaxtda sıradan çıxıb. «Rubin»in sabiq sükançısı sözügedən köməkçi ilə müqaviləyə qış fasiləsində xitam verilməsini istəyib.
Kaser bu ilin iyulundan Azərbaycanda işləyir.
İtalyan daha öncə İtaliyada "Salernitana", "Belluno", "Novara", Maltada "Valetta" və "Birkirkara", Tunisdə "Sfaksien", Qətərdə "Əl-Qarafa", İranda "Nassaci", "Traktor" və “Fulad” komandalarında əmək sərf edib.
"Turan Tovuz"un onunla bağladığı müqavilənin müddəti 1 ildir. Apenninli mütəxəssisin buradakı aylıq qazancının 10 min dollar təşkil etdiyi söylənilir.
SPORTİNFO.AZ

