"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Premyer Liqanın 12-ci turunda "Araz-Naxçıvan"la bərabərliklə bitən oyundan (1:1) sonra Sportinfo.az-a müsahibə verib.
- Qarşılaşmanı qısaca necə şərh edərdin?
- Oyuna yaxşı hazırlaşmışdıq. Gərgin oyun olacağını bilirdik. "Araz Naxçıvan" bərk komandadır. İlk hissə istədiyimiz kimi getmədi, amma ikinci yarıda daha yaxşı idik. Bərabərlik qolunu vurduq, amma ikinci qolu vurmağı bacarmadıq. İnşallah, gələcək oyunlarda qələbələr qazanaraq azarkeşlərimizi sevindirəcəyik.
- Qələbə üçün nə çatmadı və ya nəticəni ədalətli hesab edirsənmi?
- Əlbəttə, ədalətli nəticədir. Hər iki komanda da əlindən gələni etdi. Oyunu analiz edəndən sonra nələrin çatmadığını dəqiq biləcəyik.
- Ehtiyatda bir oyunu qalan "Qarabağ"dan 3 xal geridəsiniz. Çempionluq mübarizəsi hələ davam edir?
- Marafon uzundur. Bunun üçün əlimizdən gələni edəcəyik. Bacardığımız qədər qələbələr qazanmaq istəyirik. Nəyin necə olacağını indidən demək çətindir.
- Çempionluq müzakirəsi sizə necə təsir edir?
- Biz bu barədə düşünmürük. Sona doğru bu söhbətlər çox olacaq. Bu gün sadəcə qələbələr qazanmaq istəyirik. İndi xallarımızı artırmalıyıq ki, gələcəkdə çempionluq söhbətləri edə bilək.
- Əsas heyətdə yerini itirmisən. Kapitan kimi ehtiyatda qalmaq çətin deyil?
- Xeyir. Futbolda belə şeylər olur. Bundan yaxşı mənada dərs çıxarmalıyam. Daha çox çalışıb komandama kömək etməliyəm. Baş məşqçinin qərarıdır. Əsas heyətə qayıtmaq üçün çalışıram.
- Millinin son toplanışına dəvət almamağın təəccüblü gəlmədi? Nəzərə alaq ki, əvvəlki iki oyunda dəvət almışdın...
- Yox. Məni milliyə ilk dəfə Ayxan Abbasov dəvət edib. Ümumiyyətlə, Premyer Liqada oynamağımda Ayxan müəllimin köməyi olub. İnşallah, əlimdən gələni edəcəm ki, yenidən Ayxan müəllimin siyahısında yer alım.
XANOĞLAN İMANOV

