12-ci turda diqqətlər Sumqayıtda olacaq.
Noyabrın 21-də “Sumqayıt” “Qarabağ”la qarşılaşacaq, bir gün sonra “Araz-Naxçıvan” nominal meydan sahibi qismində “Turan Tovuz”u qəbul edəcək.
Naxçıvanlılarla tovuzluların duelinin prinsipial əhəmiyyət daşıması komandaların şəxsi oyunlarındakı nəticələrdən görünür.
Ötən mövsüm bölgə təmsilçiləri arasında baş tutan duellərin 2-də “Araz-Naxçıvan” qələbəyə sevinən tərəf olub (2:1, 1:0). Bir qarşılaşma 1:1-lik bərabərliklə başa çatıbsa, tovuzlular yalnız bir halda yeganə qolla qələbə qazanıb.
Bu mövsümün 2-ci turunda “Azersun Arena”da “Turan Tovuz” nominal meydan sahibi olduğu qarşılaşmada 90 dəqiqənin tamamında uduzan tərəf olub. Gərgin keçən matçın yekunu 2:1 hesabı ilə başa çatmışdı.
Statistikadan da göründüyü kimi, Kurban Berdıyevlə Elmar Baxşıyevin duellərində azərbaycanlı mütəxəssisin 3:1 hesablı üstünlüyü var. Təcrübəli Berdıyev yəqin ki, rəqəmlərdən xəbərdardır.
Avrokuboklar uğrunda mübarizəyə girişən komandaların turnir cədvəlindəki durumu da oyunun gərgin keçəcəyindən xəbər verir. “Araz” son 4 görüşdə yalnız 1 qələbəyə sevinib ki, ötən turda “Karvan-Yevlax” önündə hesabda geri düşən “qırmızı-ağlar” sonradan 2 qol vurub geridönüş etməyə nail olmuşdu.
Hazırda Baxşıyevin kollektivi 19 xalla 6-cı, Berdıyevin komandası 22 xalla 2-ci pillədədir. Bu, o deməkdir ki, “Araz” qalib gələcəyi halda “Turan”ı haqlayacaq. Əks halda iddialılardan geri düşəcək.
Qərb təmsilçisinin heyətindəki itkilər Muxtar Respublika komandasının xeyrinə işləyəcək. Əsas heyətin dəyişməz üzvləri Roberto Olabe ilə Roderik Miller cəza səbəbindən matçı kənardan izləyəcək.
Şənbə günü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 15:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

