Ehtiram Quliyev nüfuzlu şəxsi də klubun rəhbərliyindən uzaqlaşdıracaq?

13:00 Turan 147
Ehtiram Quliyev nüfuzlu şəxsi də klubun rəhbərliyindən uzaqlaşdıracaq?

Uzun illərdir «Turan Tovuz»da fəaliyyət göstərən Oqtay Abdullayev mövsümün sonunda buradan ayrıla bilər.

Xeyir, o, qərb klubundan getmək istəmir.

Tanınmış futbol adamının «Turan»la vidalaşmasında maraqlı olan şəxs Ehtiram Quliyevdir.

Tovuz təmsilçisindən əldə etdiyimiz məlumata görə, İdarə Heyətinin sədri daha onunla bir səfdə dayanmaq niyyətində deyil.

2023-cü ilin martında görəvə gəlmiş iş adamı İdarə Heyətində islahatlar aparmağa hazırlaşır. O. bəzi şəxslərlə yanaşı, Abdullayevi də «qara siyahı»ya daxil eləyib.

Quliyev, ümumiyyətlə, «Turan»a yeni, özünün şəxsən tanıdığı idarəçiləri gətirmək fikrindədir və bu yöndə müəyyən danışıqlar, məsləhətləşmələr aparıb.

Sədr bu qənaətdədir ki, artıq heç kim oturduğu yerdə maaş almamalıdır, klubun gündəlik həyatında yaxından iştirak etməlidir.

Oqtay Abdullayev 10 ilə yaxındır «Turan Tovuz»dadır. Klub bu adla fəaliyyətə başladığı gündən işin başında olub.

AFFA tərəfindən rəhbərlik ona tapşırılıb. 2023-cü ilin yazınadək əyalət təmsilçisində əsas söz sahibi olub.

Ötən müddətdə mühüm yeniliklərə imza atıb, «Turan Tovuz»u ayaqda saxlayıb, adını təmizləyib. Həmin zaman adı oyun «alver»inə qarışmış bir çox futbolçunun bu sahədən ömürlük uzaqlaşdırılmasında xidməti var.

O.Abdullayev Tovuzda futbolun olması yolunda şəxsi vəsaitini də xərcləyib. Yəni ki, o, burada pul qazanmaq naminə çalışmayıb.

Əksər tovuzlu biznesmenlərdən fərqli olaraq, kluba isti münasibət göstərib. Ovaxtkı idman direktor Nadir Nəbiyevlə çiyin-çiyinə verərək, «Turan Tovuz»u Premyer Liqaya qaytarıb.

Bugünün özündə də Abdullayev Tovuzun futbol ictimaiyyəti arasında böyük nüfuz sahibidir. Yerli publika onun xətir-hörmətini hər yerdə saxlayır. Bəlkə də Ehtiram Quliyevi qıcıqlandıran məqam budur elə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti