«Spartak» Kurban Berdiyevlə apardığı danışıqları dayandırıb. «Turan Tovuz»un baş məşqçisi menecerlər vasitəsilə onunla əlaqə saxlayan Moskva klubunun nümayəndələrinə Azərbaycanı belə tezliklə tərk edə bilməyəcəyini söyləyib. «Baba» ləqəbli mütəxəssis 2026-cı ilin yayından tez Rusiyaya dönməyin mümkün olmadığını diqqətə çatdırıb. 73 yaşlı çalışdırıcı «Spartak» tərəfinə bəyan edib ki, onu Azərbaycana gətirmiş şəxslər «Turan»da qalmasını istəyir.
Berdiyev vəziyyətin nəticələrə əsasən dəyişə biləcəyini də istisna etməyib. İşdir, bu mövsüm Tovuz təmsilçisini avrokuboklara daşımaq vəzifəsinin öhdəsindən gəlməsə, ölkəmizlə vidalaşacaq.
O, 2024-cü ilin iyunundan burada fəaliyyət göstərir. «Turan»ı ötən sezon qitə arenasına çıxarmağı bacarmayan türkmən kökənli məşqçiyə cari «futbol ili» üçün böyük miqdarda büdcə ayırıb. Ehtiram Quliyev yeni transfer əməliyyatlarına milyonlarla manat sərf edib.
Amma Kurban Berdiyev onu «Turan»da saxlayan qüvvəyə işarə vuranda, yəqin ki, İdarə Heyətinin sədrini nəzərdə tutmur. Çünki mediada dolaşan xəbərlərə görə, «Rubin»in sabiq sükançısı Azərbaycana İlham Rəhimovun sözüylə gəlib.
Hətta bəzi iddialara görə, «Putin İlham» kimi tanınan tovuzlu milyarder Berdiyevin illik məvacibinin çox hissəsini ödəməkdədir.
«Turan Tovuz»la 2+1 illik müqavilə imzalamış və hər mövsümə görə 850 min dollar qazanacağı bilinən məşqçi iki istiqamətdən pul alır. Həmin vəsaitin 500 mini Rəhimov tərəfindən qarşılanırsa, qalanı Quliyevin üzərinə düşməkdədir.
SPORTİNFO.AZ

