Cari mövsümdə inamlı oyunu ilə Premyer Liqada adından söz etdirən Xorxe Silvanın ölkəmizə maraqlı gəliş tarixçəsi var.
Portuqaliyalı sağ cinah müdafiəçisi yayda “Turan Tovuz”dan təklif alanda karyerasını Azərbaycanda davam etdirməklə bağlı tərəddüd edib.
Klub rəsmiləri baş məşqçi Kurban Berdıyevin israrla sərəncamında görmək istədiyi sağ cinah müdafiəçisindən əl çəkməyib. Onu Azərbaycana gətirmək üçün hətta yaxın çevrəsi ilə təmasa keçiblər.
Nəhayət, Xorxeni razı salmaq mümkün olub.
Vaxtilə Avropa klubunun heyətində Azərbaycana qonaq qismində səfər etmiş Silva Sportinfo.az-a açıqlamasında həmin günləri xatırlayıb:
“Azərbaycan çempionatının səviyyəsi məni yaxşı mənada təəccübləndirməkdədir. Bu dərəcədə olacağını təsəvvür etmirdim.
Burada çox yaxşı komandalar, keyfiyyətli futbolçular cəmlənib. Təklif alanda tərəddüd içindəydim.
Hansı cavab verəcəyimi bilmirdim. Çünki ölkə və çempionat barədə təsəvvürlərim geniş deyildi. Gəlib görəndən sonra doğru qərar verdiyimi anladım.
Azərbaycana 2 il əvvəl səfər etmişdim. Həmin vaxt “Olimpiya Lüblyana”nın heyətində “Qarabağ”a qarşı oynamışdım.
Düzü, o vaxt şəhəri gəzmək imkanım olmamışdı. Lakin indi gəzirəm görürəm və çox bəyənirəm.
Yaxşı ki, hazırda Azərbaycandayam (gülür)”.
Portuqaliyanın aşağı yaş qruplarından ibarət milli komandaların şərəfini qorumuş Lopes karyerası ərzində “Sportinq B”, “Leyşoynş”, “Pasuş de Ferreyra”, “Olimpiya” komandalarının formasını geyinib.
HƏBİB

