“Turan Tovuz” 161 günlük aradan sonra yenidən döğma məkanını qayıtdı.
Komanda 2025/26 mövsümündə ilk dəfə ev oyununu “Şamaxı“ya qarşı keçirdi.
Məlum olduğu kimi, ötən mövsüm başa çatdıqdan sonra Tovuz stadionunun süni meydançasının təbii ot örtüyü ilə dəyişdirilməsi prosesi başlayıb. Odur ki, qərblilər rəqiblərini Suraxanıda - “Azərsun Arena”da qəbul edirdi.
Amma... Qazon yenə istifadəyə tam yararlı deyil. bunu “Şamaxı“ ilə matçda da gördük.
Oyunun startından 10-15 dəqiqə sonra qazonun səthi gözəlliyindən əsər-əlamət qalmadı. Sahə bostanlığa çevrildi.
Saytımız bu problemlə əlaqəli yeni məlumat əldə edib.
Bizə bəlli olub ki, ot örtüyünün dəyişdirilməsini icra eləyən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz açılışın bir qədər ertələnməsini istəyib.
Britaniyalı aqronom havaların qeyri-sabit keçməsi üzündən Ehtiram Quliyevə öz xəbərdarlığını edib. Klubun İdarə Heyətinin sədrinin diqqətinə çatdırıb ki, qazonu təhvil almağa tələsməsinlər, bir müddət gözləmək lazımdır.
Şarplaz bildirib ki, qazonun bərkiməsi üçün daha iki həftə gözləmək lazımdır. O, noyabrın ikinci yarısınadək problemin aradan qalxacağını söyləyib.
Di gəl, Quliyev adıçəkilən mütəxəssisin məsləhətini qulaqardına vurub. İcraçı tərəfin təkidləri də sədri fikrindən döndərməyib. Quliyev Şarplazı müqavilə ilə qorxudub.
Bildirib ki, əgər qazon öncədən nəzərdə tutulduğu vaxt təhvil verilməsə, “Caspian Sport and Landscape”ın cərimələnməsi üçün məsələ qaldıracaq.
SPORTİNFO.AZ

