Mövsümlərarası fasilədə “Neftçi”ni “Turan Tovuz”a dəyişən Filip Ozobiç Sportinfo.az-a müsahibə verib.
Komandasının “Şamaxı” üzərində qazandığı əzmkar qələbədən sonra (2:1) məmnun görünən Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi sualları cavablandırıb.
- Həm sevincli, həm də yorğun görünürsən. Qazonun ağırlığına görədir?
- Örtük yeni salındığından ağır olması normaldır. Hər iki komanda üçün çətin idi. “Şamaxı”nın da haqqını vermək lazımdır. İlk dəqiqələrdən sona qədər mübarizə apardılar, qaçdılar və bizi də daha çox qaçmağa məcbur etdilər. Yorğunluq keçib gedəcək, önəmli olan 3 xalı idi, onu da çətinliklə də olsa qazandıq.
- Bu cür təzyiqlə üzləşəcəyinizi bilirdiz?
- Əlbəttə, bilirdik. “Şamaxı” özünəməxsus oyun üslubu olan rəqibdir. Onlara qarşı oynamaq bütün komandalar üçün çətindir. Hətta matçdan bir gün əvvəl meydanın vəziyyətinə baxanda fiziki baxımdan çox güc itirəcəyimizi bilirdik. Baxımlı futboldan çox ikili mübarizələrin yer alacağını təxmin etmişdik.
- “Şamaxı” hesabı açandan sonra nələri dəyişdiz? Qələbə üçün nə etdiz?
- Fikrimcə, bizdə qələbəyə inam daha çox idi. Digər tərəfdən, ikili mübarizələrdən qalib ayrılırdıq. Belə matçlarda fiziki hazırlıq daha çox önəm daşıyır, nəinki taxniki-taktiki hazırlıq.
- “Turan Tovuz” turnir cədvəlinə liderlik edir. Bu, nə vaxta qıədər davam edəcək?
- Bizim istəyimiz sona qədər davam etməsidir (gülür). Lakin qarşıda 23 oyun və təxminən 7 ay vaxt var. Qarşıdakı zaman kəsiyində çox şey dəyişə bilər. Ona görə də turnir cədvəlinə xüsusi önəm vermirik. Düşüncəmiz, məqsədimiz hər oyundan qalibiyyətlə ayrılmaqdır.
HƏBİB

