Tovuz şəhər stadionu 160 günlük fasilədən sonra Premyer Liqaya qayıdır.
Meydanın süni örtüyünün “təbii” ilə əvəzlənməsinə görə qərb təmsilçisi mövsümün stadrtından bu yana rəqiblərini “Azersun Arena”da qəbul edirdi.
Tovuzlu futbolsevərlərin həsrəti bu gün başa çatır.
Yerli komanda Premyer Liqanın 10-cu turu çərçivəsində “Şamaxı”nı qəbul etməyə hazırlaşır.
İyulda dəyişdirilməsinə başlanan qazon artıq hazır vəziyyətə gətirilib. İngiltərəli mütəxəssis Filip Şarplazin başçılığı altında aylardır görülən işlər demək olar yekunlaşıb.
Meydanın görünüşü uzaqdan ideal təsir bağışlayır. Kənardan baxanda Qəbələ şəhər stadionunun örtüyünü xatılradır. Axı Qəbələdəki meydanlar da Şarplesin əl işinin məhsuludur.
Amma... Qazon yenə istifadəyə tam yararlı deyil. bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.
Verilən informasiyaya görə, dünən burada ilk məşqə çıxan futbolçular meydançanın onlarda narahatlıq yaratmasından şikayətlənib.
Ot örtüyünün dəyişdirilməsini icra eləyən “Caspian Sport and Landscape” şirkətinin direktoru Filip Şarplaz də onlarla həmfikirdir.
Britaniyalı aqronom bu barədə Ehtiram Quliyevə öz xəbərdarlığını edib. Klubun İdarə Heyətinin sədrinin diqqətinə çatdırıb ki, qazonu təhvil almağa tələsməsinlər, bir müddət gözləmək lazımdır.
Şarplaz bildirib ki, qazonun bərkiməsi üçün daha iki həftə gözləmək lazımdır. O, noyabrın ikinci yarısınadək problemin aradan qalxacağını söyləyib.
Di gəl, Quliyev adıçəkilən mütəxəssisin məsləhətini qulaqardına vurub. İcraçı tərəfin təkidləri də sədri fikrindən döndərməyib.
Görünüş əladır, qalır otun keyfiyyətini görmək. Başqa cür desək, otun istifadəyə nə dərəcədə yararlı olduğunu bilmək.
Bu suala “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasının gedişatı aydınlıq gətirəcək. Oyun saat 16:00-da start götürəcək.
SPORTİNFO.AZ

