"Şikayətlənə bilmərik"

11:20 Turan 96
"Şikayətlənə bilmərik"

Sportinfo.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiç Premyer Liqanın 4-cü turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda sualları cavablandırıb.

- Qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. “Qəbələ” bu mövsüm heç də pis təsir bağışlamır. Bizə qarşı da yaxşı oynadılar. Bununla belə, qələbə qazandıq və nəticədən məmnunuq. Düşünürəm ki, layiqli qələbə oldu.

- Sizdən fərqli olaraq “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze komandasının ən azı 1 xala layiq olduğunu söyləyib...

- Bu, onun fikridir. Ola bilər ilk hissədə parlaq oyun nümayiş etdirmədik. Lakin fasilədən sonra üstünlüyü ələ aldıq. Lazımi qolu vurduq və 3 xal qazandıq.

- İlk hissədə istədiyiniz oyunu göstərməyə nə mane oldu?

- Hər hansı problem yox idi. Sadəcə oyun belə alındı. Fasilədə müəyyən düzəlişlər etdik. İkinci hissədə toparlandıq və lazımi nəticəni əldə etdik.

- Bəlkə qazon sizə mane olurdu?

- Bəli, qazon ideal vəziyyətdə deyildi. Lakin bundan şikayətlənə bilmərik. Çünki şərtlər hər iki komanda üçün eyni idi.

- Özünüzü “Turan Tovuz”da necə hiss edirsiniz? Artıq komandaya tam öyrəşə bilmisiniz?

- Komandaya bir az gec qoşuldum. Təlim-məşq toplanışında tam iştirak etməmişəm. Buna görə bir qədər vaxt lazımdır. Ümimilikdə bugünkü oyunumdan razıyam. İnanıram ki, daha yaxşı olacağam.

- “Turan Tovuz”un müvəqqəti olaraq ev oyunlarını keçirdiyi “Azərsun Arena” sizin üçün yad stadion deyil. Bu, sizə əlavə üstünlük verir?

- Bəli, “Qarabağ”ın heyətində 5 il burada oynamışam. Arena mənə doğmadır. Özümü rahat hiss edirəm. Bilirsiniz ki, hazırda Tovuz stadionunda qazon dəyişilir.

- Komandanızın qarşısına çempionluq vəzifəsi qoyulub. Bu, nə dərəcə realdır?

- İndi mövsümün əvvəlidir, çempionluq barədə düşünmürük. Yalnız hər növbəti oyuna köklənməliyik. Məqsədimiz hər matçda qalib gəlməkdir.

- Növbəti matç “Sabah”a qarşıdır. Həmin oyundan gözləntiləriniz nədri?

- “Sabah” yaxşı komandadır. Lakin bu, heç nəyi dəyişmir. Biz səfərə 3 xal üçün gedəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq