
“Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Balakişiyevin klubdan getməsindən məlumatlısız.
İnfrastruktur və maliyyə üzrə direktoru vəzifəsində çalışan şəxsin birdən-birə buradan ayrılmaq qərarı verməsi, gözlənildiyi kimi, heç də birmənalı qarşılanmayıb.
Bununla bağlı dünəndən bəri xeyli şayiələr yayılıb.
Müxətlif iddialar var ki, o, Ehtiram Quliyevlə arasında yaranmış ixtilaf və ciddi fikir ayrılığı üzündən postnu tərk edib.
İdarə Heyətinin sədrinin bir çox məsələlərlə bağlı qərarlarına etiraz etdiyi üçün Tovuz təmsilçisində qalmaq istəmədiyi deyilir.
Biz bu söz-söhbətləri araşdırdıq.
Redaksiyamıza məlum oldu ki, Ə.Balakişiyev şəxsi işləri ilə əlaqədar “Turan Tovuz”la vidalaşıb.
Belə ki, ağır iş qrafiki ilə çalışmaqdan yorulub, Bakı ilə Tovuz arasında qalmaqdan bezib. Ailəsinə daha çox diqqət ayırmaq məqsədilə klubla bağlantılarını kəsib.
Ə.Balakişiyev əslən İmişlidəndir və E.Quliyevin qaynıdır. 2023-cü ilin martından “Turan Tovuz”da fəaliyyət göstərib. Sədrdən sonra burada ən səlahiyyətli ikinci şəxs sayılıb.
Bu müddətdə şəxsi ilə bağlı yaxşı fikir yarada bilib. Mərd və dürüst insan kimi xarakterizə olunur. Adını indiyədək hansısa çirkli işə, maxinasiya qalmaqalına qarışdırmayıb.
Onun haqda rəy budur – simaca zəhmli görünsə və iş prosesində sərt davransa da, səmimi və ürəyiyumşaq adamdır, imkansızlara, kimsəsizlərə həmişə əl tutub, ehtiyac üzündən qapısını döyənləri naümid geri qaytarmayıb.
SPORTİNFO.AZ