
Tovuz şəhər stadionunda təmir işləri davam edir.
Süni örtük təbii otla əvəzlənir ki, prosesə iyul ayında start verilib.
Öncədən verilən məlumatda işlərin oktyabr ayına qədər tamamlanacağı, “Turan Tovuz”un noyabrdan etibarən rəqiblərini doğma şəhərdə qəbul edəcəyi deyilirdi.
Lakin sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, tovuzlu azarkeşlər sevimli komandanı doğma meydanda görmək üçün azı dekabra qədər gözləmək məcburiyyətində qalacaq.
Deyilənlərə inansaq, avqust ayında havaların isti keçməsi və daşınma ilə bağlı digər çətinliklərə görə yekunlaşma prosesində yubanma yaşanacaq.
Klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayanda məlum oldu ki, irəli sürülən iddiaların heç bir məntiqi əsası yoxdur.
Tovuza dəvət olunan ingiltərəli mütəxəssis Fil Şarplesin birbaşa nəzarəti altında olan otun yenilənməsi əvvəldən nəzərdə tutulan plan üzrə davam edir.
Geridə qalan müddətdə ortaya heç bir problem çıxmayıb. Hətta işlərin tez başa çatması üçün bəzən gecə növbəsi də fəaliyyət göstərir.
Klub rəsmisi yeni meydanın öncədən söylənildiyi kimi, oktyabr ayının sonu, ən geci noyabr ayının ilk yarısında hazır olacağını bildirdi.
Maraq üçün bildirək ki, “Turan Tovuz” rəqiblərini qeyri-müəyyən müddətdə Suraxanıdakı “Azersun Arena”da qəbul edir.
HƏBİB / SPORTİNFO.AZ