Ehtiram Quliyev bu komandayla çempion olmaq istəyir?

14:40 Turan 368
Ehtiram Quliyev bu komandayla çempion olmaq istəyir?

Ehtiram Quliyevin çempionluq tələb etdiyi «Turan Tovuz» yeni sezonun ikinci həftəsində məğlubiyyətlə üzləşdi.

Açılış turunda «İmişli»ni 90+9-cu dəqiqədə vurulan yeganə qolla üstələyə bilən komanda dünən «Araz-Naxçıvan»ı meydandan 3 xalla yola saldı.

«Araz» Suraxanıda yaxşı oynamadı. Narahat təsir bağışladılar.

Bununla belə, «Turan» müdafiədə yol verdiyi səhvlərlə yenilginin qapısını açdı və oradan çıxa bilmədi.

Nominal ev sahiblərində məşqçi işi nəzərə çarpmır. Kurban Berdiyevin burada olub-olmaması qətiyyən hiss edilmir.

Yalnız standart epizodları izləyərkən, yadına düşür ki, o, «Turan»dadır, harasa çıxıb getməyib. Cərimə zərbələri və kornerlər oyunun bir parçası, bir bölümüdür.

Berdiyev oyun planında heç bir dəyişiklik etməyib: ötən mövsüm olduğu kimi, yenə bu cür fraqmentlərdən qola getməklə kifayətlənir.

Maraqlıdır ki, künc vuruşlarından fərqlənməyi adət halına gətirən «Turan» ilk qolu belə epizodlarından birində buraxdı.

Yəqin bu da futbolun bir ironiyasıdır: kornerlər həmişə səni sevindirməyəcək ki..?

Ehtiram Quliyev son 3 ayda yeni legionerlərə külli miqdarda pul xərcləyib. Üç milyon manata yaxın bir məsrəfi çıxıb.

Təəssüf, Berdiyev «Turan»a 3 qəpiklik futbol oynatmır yenə. Vadji, Ozobiç və digər yay transferləri ilə fərqli, bir üst səviyyəyə qalxmaq mümkündür.

Rusiyalı çalışdırıcı onlara onların oynaya biləcəyi tərzdə çıxış etməyə icazə vermir. Güman ki, bizim gördüklərimizi İdarə Heyətinin sədri də görür.

Görür e, amma nə olsun? Baş məşqçiyə «gözün üstdə qaşın var» deyəmmir, sorğu-suala çəkəmmir. Qorxu yaman pis şeydir.

Quliyev Berdiyevin köhnədən qalma ad-sanının altında əzilə-əzilə «Turan»ın yeknəsək, yorucu və yuxulayıcı oyununa səsini çıxarammır, susur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil