
Çempionatın açılış turunda qələbəyə sevinən iki komandadan birinə “Turan Tovuz” adını yazdırdı.
“İmişli”ylə qarşılaşmada min bir zəhmət bahasına, son saniyələrdə vurulan qolun sayəsində azarkeşləri sevindirmək mümkün oldu.
Yay fasiləsindəki dəyişikliklərdən sonra qərb təmsilçisinin çıxışında irəliləyiş görmək istəyənlərin arzusu gözündə qaldı.
Ötən birincilikdə gördüyümüz, daha doğrusu, canımızı sıxan oyunun eynisi idi. Bəlkə də daha betəri.
Rəqib ayyarıma formalaşan “İmişli” yox, iddialılardan biri olsaydı, “Turan”ın qapıçısını azı 3 dəfə topu tordan çıxarmağa məcbur edərdi.
Kurban Berdıyevin futbol fəlsəfəsinin “vur, qaç” olduğunu artıq tam əminliklə söyləyə bilərik. Keçən il yeni gəlmişdi, mühitə alışması, komanda formalaşdırması üçün vaxtı az olmuşdu. Bəs indi?
Futbolçular ardıcıl 3-5 ötürmə verə, rəqibin cərimə meydançasına düşünülmüş hücumla daxil ola bilmirsə, 90 dəqiqə ərzində 5 demirəm, 3 dəfə 100 faizlik qol imkanı yaratmaq mümkün olmursa, hansı futboldan, hansı iddiadan danışmaq olar?
Bu gedişlə futbola can yandıran, milyonlar xərcləyən başqan Ehtiram Quliyevin zəhməti növbəti dəfə yerə vurulacaq. Çünki pozitiv xəyallara dalmaq üçün əldə hələ ki, heç bir əsas yoxdur.
Filip Ozobiç, İbrahima Vadji, Alexandro Serrano – bütün ümidlər bu “üçlüy”ün formaya düşməsinədir. Təki gözlənilən kimi olsun ki, avrokuboklara iddiaçıların sayı artsın.
“Turan Tovuz”un varlığı Azərbaycan futbolu üçün nəfəsdir, qandır, candır. Ancaq Berdıyevin oynatdığı futbolla yox.
HƏBİB / SPORTİNFO.AZ