Ehtiram Quliyev söz-söhbətlərdən bezdi: Kurban Berdiyevə qapını nə vaxt göstərəcək?

14:40 Turan 357
Ehtiram Quliyev söz-söhbətlərdən bezdi: Kurban Berdiyevə qapını nə vaxt göstərəcək?

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev komandada baş alıb gedən söz-söhbətlərdən bezib.

Bu barədə klub rəhbərliyinə yaxın şəxslər redaksiyamıza məlumat verib.

Onların bildirdiyinə görə, Kurban Berdiyevlə bağlı tez-tez eşitdiyi narazılıqlar iş adamını təngə gətirib. Quliyev futbolçuların ardı-arası kəsilməyən şikayətlərini eşitməkdən yorulduğunu öz çevrəsindəkilərə etiraf edib.

Tikinti maqnatı bu kimi halların kollektivə mənfi təsirinə diqqət çəkib, bəzi addımlar atmaq niyyətində olduğunu bildirib.

Bunlardan biri də «Baba» ləqəbli mütəxəssisin sükan arxasından uzaqlaşdırılmasıdır. Belə bir istək var, sadəcə, sual budur nə vaxt?

73 yaşlı çalışdırıcının göndərilib-göndərilməməsi yaxın 2 ayda qeydə alınacaq nəticələrdən asılıdır.

Komanda yenə bərbad oyun sərgiləsə və qeyri-sabit göstəricilər əldə etsə, böyük ehtimalla, Berdiyevin müqaviləsinə birtərəfli qaydada xitam veriləcək. Təbii, təzminatın ödənilməsi şərtiylə.

Bəs futbolçular ondan niyə şikayətçidir? Rusiyalı məşqçi monoton hazırlıq prosesi ilə düşərgədə A-dan Z-yə hamını kefinə soğan doğrayıb.

«Baba»nın yalnız fiziki çalışmalara və standart oyun epizodlarına üstünlük verməsi komanda üzvlərinin qanını qaraldıb. O, gündəlik məşqlərdə demək olar başqa elementlər üzərində işləmir, onlara vaxt ayırmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti