
Artıq aydın olur ki, Ehtiram Quliyevə görə dünyanın ən böyük klubu «Qarabağ», ən yaxşı futbolçular «Qarabağ»ın formasını geyinənlərdir.
«Turan Tovuz»un İdarə Heyətinin sədri «Qarabağ»ın ayaqqabısını geyinmək istəyir indi də.
Onların keçmiş futbolçularını «Turan»a gətirməklə çempion olmaq niyyətindədir adam. Gülməlidir, deyilmi?
Hazırda «Turan»da bir neçə sabiq «Qarabağ»lı çıxış edir. Filip Ozobiç və İbrahima Vadji də bugünlərdə onlara qoşulub.
Deyirlər, Marko Veşoviç də bu gün-sabah gələcək. Hələ Kvabena Ovusunun da adı çəkilir.
Keçmiş «Qarabağ»lılardan ibarət yeni komanda qurmaq həvəsinə düşən Ehtiram Quliyev, görünür, bir vacib məqamı unudub. Onun baş məşqçisi Qurban Qurbanov deyil, Kurban Berdiyevdir.
O məşqçi ki, milyonlarla büdcə aldı, amma ötən sezonu boşa verdi.
Berdiyevin gündəlik işə yanaşması, oynatdığı futbol ürək bulandırır. «Baba»nın bura sırf pul arxasınca gəlməsi, vaxt «öldürməsi» hələ də bəlli olmayıb Ehtiram Quliyevə?
Keçənilki zəif çempionatda medalçılar sırasına düşə bilməyən Berdiyevin bu mövsüm onlara qızıl medal qazandıracağını düşünürsə, mən Quliyevin optimistliyinə həm heyran qalıram, həm də şübhəylə yanaşıram.
Rəhbər şəxsdir, di gəl, publikaya «işləyir».
Halbuki yerli publikanın gözündə ucalmaq üçün o, başqa addımlar ata bilərdi. Məsələn, ətrafında dolaşan bəzi işbazları, intriqa yaradanları klubun işindən uzaqlaşdırmalı idi, uzaqlaşdırmadı.
Ona avrokuboklara vəsiqə vədi vermiş Kurban Berdiyevi postundan kənarlaşdıra bilərdi, kənarlaşdırmadı.
Nə qədər ki bu vecsiz adamlar buradadır, söz və səlahiyyət yiyəsidir, nə qədər ki Kurban Berdiyev sükan arxasındadır, komandanın oyununu düzəltmək yerinə futbolçuların əsəblərini korlamaqla məşğuldur, ağız deyəni qulaq eşitməyəcək, Ehtiram Quliyevin arzuları çin olmayacaq.
O, hələ də nağıllar aləmindədir.
Zənn edir ki, «Qarabağ»ın soyunduğu «ayaqqabılar»ı geyinməklə onun yerişini yeriyə biləcək.
ELNUR